Ekspert: TDT ölkələri ilə bağlanılmış sazişlər tarixi zərurətdən yaranır
Bakı, 2 may, AZƏRTAC
Azərbaycanda həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq ölkəmiz durmadan inkişaf edir və öz kommunikasiya imkanlarını genişləndirir.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Rəşad Hüseyn bildirib.
Ekspert qeyd edib ki, Türkdilli dövlətlərlə qurulmuş əlaqələr Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir.
Onun sözlərinə görə, ölkəmizin əlverişli coğrafi mövqeyə malik olması, nəqliyyat qovşaqlarında yerləşməsi regionda mühüm əhəmiyyət daşıyır. Bütün bunların məntiqi nəticəsi olaraq “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsini xüsusilə qeyd etmək lazımdır.
R.Hüseyn əlavə edib ki, ümumiyyətlə TDT ölkələri ilə bağlanılmış bütün istiqamətlərdə olan sazişlər tarixi zərurətdən yaranır. Növbəti dövrlərdə bağlanılmış sazişlərin məntiqi nəticəsi olaraq hər bir TDT-yə üzv ölkələr və digər region ölkələri böyük miqdarda gəlir əldə edəcəklər. Vurğulayıb ki, 2022-ci ilin ilk rübü ilə müqayisədə cari ilin birinci rübündə beynəlxalq yükdaşımalarında 70 faizdən çox artım müşahidə olunmaqdadır. Bu sazişin bağlanılması isə miqyası daha da artıracaq və ölkəmizə daha böyük imkanlar yaradacaq.
Rəşad Hüseyn bildirib ki, Çindən başlayan Orta Asiya və Azərbaycandan keçməklə qardaş Türkiyə də daxil olmaqla Avropaya, eləcə də digər Qərb ölkələrinə çatdırılacaq yüklər sözsüz ki, böyük sənayeyə malik olan ölkələrin maraq dairəsindədir. Yaranmış vəziyyət həm iqtisadi, həm də siyasi olaraq ölkəmizə dividend qazandırır.