Ekspert: “Üstyurt” SOCAR-ın xaricdə ilk uğurlu kəşfiyyat layihəsi ola bilər
Bakı, 24 iyul, AZƏRTAC
SOCAR-ın operatoru olduğu Özbəkistanın “Üstyurt” geoloji-kəşfiyyat layihəsi şirkətin tarixində Azərbaycan hüdudlarından kənarda həyata keçirdiyi ilk kəşfiyyat layihəsidir. Layihənin praktik işlərinə başlanması, o cümlədən cari ildə “Üstyurt” layihəsinə SOCAR-ın ən qocaman, əzəli partnyoru olan bp şirkətinin cəlb edilməsi bu layihənin məhz kəşfiyyat hissəsinin yaxın 2-3 il ərzində uğurla tamamlanmasına dəlalət edən addımlardır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
O vurğulayıb ki, əgər layihə karbohidrogen ehtiyatlarının işlənməsi üzrə lazımi ehtiyatları ortaya çıxarsa bu, Azərbaycan üçün Xəzərin o tayında həyata keçirilən ilk uğurlu layihə kimi tarixə düşəcək.
Qeyd edək ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" SC arasında imzalanan Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) əsasən, Üstyurdun altı investisiya blokunda – Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboyda kəşfiyyat, işlənmə və hasilatı nəzərdə tutulur. SOCAR geoloji-kəşfiyyat işləri mərhələsində operator qismində çıxış edir. Sənədə əsasən, axtarış-kəşfiyyat işlərinin və ən azı bir kəşfiyyat quyusunun qazılmasının ilkin olaraq 5 il müddətində yekunlaşdırılması planlaşdırılır.
Xatırladaq ki, SOCAR-ın operatorluğu ilə “Üstyurt” geoloji-kəşfiyyat layihəsi üzrə çöl seysmik işləri uğurla həyata keçirilib. Layihə regionda yeni texnologiyaların tətbiqi, ətraf mühitin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun aparılıb. Nəticədə 3 min terabaytdan çox məlumat əldə edilib ki, növbəti mərhələdə bu məlumatların emalı nəzərdə tutulur. Bu məqsədlə artıq podratçı tərəfin seçimi prosesinə başlanılıb. Məlumat həcminin böyük olduğunu nəzərə alaraq bu işin 2027-ci ilin 1-ci rübündə tamamlanacağı gözlənilir.
HPBS-də iştirak payları belədir: bp – 40 faiz, “Uzbekneftegaz” SC – 30 faiz və SOCAR (operator) – 30 faiz.