Ekspert: Xocalı faciəsini törədənlərin məqsədi Azərbaycan xalqını məhv etmək idi
Bakı, 16 fevral, AZƏRTAC
Xocalı faciəsi nəinki Azərbaycanın, bütün bəşəriyyətin tarixində qanlı səhifədir. 1992-ci il fevralın 26-na keçən gecə törədilmiş cinayət bütün bəşəriyyətə qarşı yönəlmiş əməldir. Azərbaycanın intellektual elitası Xocalı hadisələrini hərtərəfli öyrənməli və bu faciəyə beynəlxalq səviyyədə adekvat qiymət verilməsinə nail olmalıdır.
Xocalı faciəsinə müxtəlif aspektlərdən yanaşmaq olar. Bu hadisə, ilk növbədə, Azərbaycan xalqına qarşı soyqırımı aktıdır. Mövcud faktlara beynəlxalq hüquq prizmasından nəzər salsaq, yəqin edərik ki, bu hadisələri törədənlərin niyyəti Azərbaycan xalqını məqsədyönlü şəkildə məhv etməkdən ibarət olub. Lakin Xocalı faciəsinə daha bir müstəvidə nəzər salmaq olar. Mübaliğəsiz deyə bilərik ki, Xocalı soyqırımı XX əsrin ən iri terror aktlarından biri olub. Bu hadisələrin terrorizm baxımından öyrənilməsi də praktiki əhəmiyyət kəsb edir. Məlum 11 sentyabr hadisələrindən sonra terror Qərbdə insanları dəhşətə gətirən bir amilə çevrildi. Pyu Tədqiqat Mərkəzi (Pew Research Center) və Gellap İnstitutu (Gallup Institute) tərəfindən aparılmış çoxsaylı rəy sorğuları bunu təsdiq edir. Biz Xocalı hadisələrini terror aktı kimi işıqlandırmaqla daha çox insanın diqqətini cəlb edə bilərik.
Siyasi ekspert Elşən Məcidov bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib. Ekspert vurğulayıb ki, Xocalı faciəsinin terror aktı kimi təhlil edilməsi bu hadisələrə yeni baxış bucağını formalaşdırır və eyni zamanda qanunauyğun suallar doğurur. Məlum olduğu kimi, terrorçular heç vaxt təsadüfi hədəf seçmirlər. Terror aktının hədəfi son dərəcə diqqətlə, zaman və məkan amilləri nəzərə alınmaqla seçilir.
Ekspert sual edir: “Xocalı terroru nəyə görə Qarabağın hər hansı başqa bir rayonunda deyil, məhz Xocalıda baş verib və bu terrorun həyata keçirilməsi vaxtının seçilməsi nə ilə bağlı olub?”
E.Məcidov bu sualı belə cavablandırıb: “Terrorçular cəmiyyətdə vahiməni maksimal səviyyəyə çatdırmaq üçün zaman, məkan və şərait amillərini diqqətlə seçirlər. Xocalı fevral ayının axırlarında işğal edilib. Həmin dövrdə hava şəraiti pis olduğuna görə insanlar irimiqyaslı hücumlar törədiləcəyini gözləmirdilər. Sakinlərin təxliyə edilməsi üçün təhlükəsiz dəhliz olmadığı şəraitdə qəfil hücum dinc əhali arasında çaşbaşlığa və vahiməyə səbəb oldu. İnsanların çoxu evlərini tərk edib ayaqyalın halda qaçmağa məcbur idi. Xocalı hadisələrinə məkan baxımından nəzər salsaq, qeyd etməliyik ki, əhalisinin sayına görə Xocalı yalnız Şuşadan geri qalırdı. Xocalı Qarabağda Xankəndi, Ağdam, Kəlbəcər, Laçın, Şuşa və Xocavənd kimi regionların mərkəzində yerləşir. Xocalı terroru haqqında xəbər onun yerləşdiyi ərazi nəzərə alınmaqla hadisə yerindən müxtəlif istiqamətlər üzrə çox sürətlə yayılmalı və beləliklə, həmin rayonların dinc əhalisi arasında vahimə doğurmalı idi”.
Siyasi ekspert vurğulayıb ki, nəqliyyat və kommunikasiya şəbəkələri həmişə terrorçuların mühüm hədəflərindən biri olub. Xocalıda aeroport yerləşirdi. Bundan əlavə, uzunluğu 32 kilometr olan birinci dərəcəli şose yolu, həmçinin Bakı-Xankəndi dəmiryolu Xocalı ərazisindən keçirdi. Bütün bu amilləri nəzərə alsaq, terror aktının həyata keçiriləcəyi yer kimi nə üçün məhz Xocalının seçilməsi izah edilə biləndir.
Ekspert daha sonra deyib: “Xocalı soyqırımından əvvəl də Qarabağda silahlı toqquşmalar az olmamışdı. Məhz bu səbəbdən, şəhərin gülləbaran edilməsi sakinləri o qədər də qorxutmurdu. Lakin terrorun coğrafiyası ilə onun dolayı qurbanları arasında birbaşa əlaqə var: terror bizim evimizə nə qədər yaxın olsa, onun psixoloji təsiri bir o qədər güclü olur. Xocalı hadisələrindən sonra Qarabağın digər rayonlarının sakinləri başa düşdülər ki, mənfur düşmən nə qadınlara rəhm edəcək, nə uşaqlara, nə də qocalara”.