Ekspert: Yoluxma hallarının azalmasının əsas səbəbi müəyyən sərtləşmə tədbirləri və vaksinasiya olmuşdur
Bakı, 24 iyun, AZƏRTAC
Cari ilin aprel ayından başlayaraq ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktları azalmağa başlayıb. Həmin dövrdə gündəlik yoluxma sayı 3 min civarında idisə, hazırda bu rəqəm 40-50 həddindədir. Sözsüz ki, müsbət nəticənin - yoluxma hallarının azalmasının əsas səbəbi müəyyən sərtləşmə tədbirləri və vaksinasiya olmuşdur.
Bunu AZƏRTAC-a İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib. Pandemıyaya qarşı ölkəmizdə aparılan mübarizə, qəbul olunan qərarlar barədə danışan ekspert deyib: “Azərbaycan hökumətinin uğurlu addımlarından biri də vaksinasiya başlayan kimi, dərhal yumşalmalara getməməsi idi. Çünki o dövrdə həm yoluxma sayı, həmçinin vaksinasiyanın əhatəliyinin az olması ciddi yumşalma tədbirləri üçün əsas ola bilməzdi.
Son aylar Azərbaycanda COVID-19 infeksiyasına yoluxma sayında ciddi azalma və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi həyata keçirilən effektiv tədbirlərin nəticəsidir. Həm yoluxma sayının kəskin sürətdə azalması və həcminin vaksinasiya dozasının 3 milyonu keçməsi bir çox məhdudiyyətlərin aradan qaldırılması üçün yaxşı zəmin yaradıb.
Artıq bir çox məhdudiyyətlər aradan qaldırılıb. İlkin mərhələdə açıq havada maska taxmaq məhdudiyyətin aradan qaldırılması, idman zallarının və böyük ticarət mərkəzlərinin açılması həm insanların psixoloji gərginliyin azalması və həmçinin iqtisadi aktivliyin artmasına kömək olacaq.
Növbəti mərhələdə atılan addımlar da xüsusi əhəmiyyət daşıyır. Bildiyimiz kimi 1 ildən artıq müddətdir ki, toy, nişan və digər el şənliklərinin keçirilməsi ilə bağlı məhdudiyyətlər var idi. Əlbəttə, bu məhdudiyyətlərin nəticəsində ölkəmiz pandemiya ilə mübarizədə daha az itkilərlə çıxa bilir.
Məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, virus yox olmayıb. Bu səbəbdən xüsusən təşkil olunacaq el şənliklərində qaydalara ciddi nəzarət etmək tələb olunur. Bildiyimiz kimi bu tədbirlərin təşkilində həm obyekt sahibi, həmçinin də tədbir təşkilatçısı hüquqi məsuliyyət daşıyır.
Hüquqi məsuliyyətlə yanaşı məsələnin mənəvi tərəfi də önəmlidir.
Mənəvi məsuliyyətdən isə hər birimizin üzərinə pay düşür. COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı olmayanların bu kütləvi tədbirlərdə iştirakı digərlərin sağlamlığı üçün təhlükəli ola bilər. Bu baxımdan dövlət tərəfindən yaradılan ödənişsiz vaksinasiya proqramına qoşularaq, peyvənd olmaqla həm öz sağlamlığınız təmin edə bilərik, həmçinin də qohumlarımızın sağlamlığı üçün təhlükə yaratmamış olarıq. Göründüyü kimi, Azərbaycanda məhdudiyyətlər aradan qaldırılır, ölkə əvvəlki həyatına qayıdır, amma təhlükə qalmaqdadır, vaksinasiya və Operativ Qərargahın qaydalarına əməl etmək hər birimiz üçün vacibdir”.