Ekspres avtobuslar sərnişinlərin xidmətində: Bakı yollarında alternativ nəqliyyat imkanları genişləndirilib - REPORTAJ VİDEO
Bakı, 1 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, “28 May” və “Nizami” metro stansiyaları arasında qatarların hərəkəti Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi ilə əlaqədar avqustun 15-dən etibarən müvəqqəti dayandırılıb. Bu məqsədlə paytaxtda sərnişinlərin daşınmasının fasiləsizliyinin təmin edilməsi məqsədilə alternativ nəqliyyat imkanları genişləndirilib.
Artıq vətəndaşların istifadəsinə 6 ekspres avtobus marşrutu verilib. Yeni marşrutlardan sərnişinlərin fəal istifadə etdiyi müşahidə olunur. Avtobusların hərəkət qrafiki metro ilə sinxronlaşdırılıb və ekspres marşrutlar səhər saat 06:00-dan gecə saat 00:00-dək fəaliyyət göstərir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov AZƏRTAC-a bildirib ki, ekspres marşrutlar metro stansiyaları arasında alternativ əlaqənin yaradılmasına və sərnişinlərin səfərlərinin rahat təşkilinə imkan verir.
Onun sözlərinə görə, M1 ekspres marşrutu metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında, M2 “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında, M3 “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərir.
M4 marşrutu “20 Yanvar” və “Koroğlu”, M5 “20 Yanvar” və “Gənclik”, M6 isə “Elmlər Akademiyası”, “Nizami”, “Gənclik” və “Koroğlu” stansiyaları arasında sərnişinlərə xidmət göstərir.
Tural Orucov qeyd edib ki, şaxələndirilmiş şəbəkə sayəsində sərnişinlərə tələbatdan asılı olaraq müxtəlif alternativlər təqdim edilir. Vətəndaşlara səfərlərini planlaşdırarkən ekspres marşrutların imkanlarını düzgün qiymətləndirmək və istiqamətləri nəzərə almaq tövsiyə olunur.
Gündəlik 95 nəqliyyat vasitəsi ilə 68 minədək sərnişin daşınır
Alternativ daşımaların təşkili ekspres marşrutlarla məhdudlaşmır. Belə ki, 28 müntəzəm marşrut üzrə avtobusların sayı da artırılıb. Nəticədə avtobuslararası interval azalıb, sərnişinlərin nəqliyyata çıxış imkanları genişlənib.
Ümumilikdə, gücləndirmə aparılmış 34 marşrut xəttinə 140-dan çox əlavə avtobus cəlb olunub. Bu tədbirlər sərnişin axınının daha səmərəli idarə edilməsinə və əsas istiqamətlərdə nəqliyyat yükünün bölüşdürülməsinə şərait yaradıb.

Hazırda yalnız ekspres marşrutlarda gündəlik 95 nəqliyyat vasitəsilə 68 minədək sərnişin daşınır. Dəstəkləyici tədbirlər çərçivəsində xətlərə əlavə edilən avtobuslarla gün ərzində ümumilikdə 475 min sərnişinə xidmət göstərilir.
AYNA-nın mətbuat katibi bildirib ki, sərnişin tələbatının dəyişməsinə uyğun olaraq avtobusların sayı operativ şəkildə tənzimlənir. Monitorinq Mərkəzi vasitəsilə nəqliyyat vasitələrinin hərəkəti real vaxt rejimində izlənilir, sərnişin axını təhlil olunur və zərurət yarandıqda daşıyıcılar tərəfindən xəttə əlavə avtobuslar buraxılır.
Paytaxtın 4 metro stansiyasının qarşısında isə vətəndaşlara dəstək məqsədilə nəqliyyat könüllüləri fəaliyyət göstərir. Könüllülər sərnişinlərə ekspres və müntəzəm avtobus marşrutları barədə məlumat verir, onların uyğun istiqaməti seçməsinə kömək edirlər.
Görülən tədbirlər Bakı Metropolitenində xətlərin ayrılması ilə əlaqədar sərnişinlərin alternativ nəqliyyat vasitələrindən daha rahat istifadə etməsinə imkan yaradır. Nəqliyyat sistemində vəziyyətin monitorinqi və sərnişin tələbatının təhlili əsasında avtobusların hərəkətinin operativ tənzimlənməsi isə davam etdirilir.
Müxbir – Samirə Quliyeva