REGİONLAR
Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərlə təlim-metodiki toplantı keçirilib VİDEO
Naxçıvan, 15 noyabr, AZƏRTAC
Naxçıvan Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərlə təlim-metodiki toplantı keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, toplantıya Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən gənc zabitlər cəlb olunub.
Toplantının planına uyğun olaraq zabitlərin taktiki biliklərinin, qərar qəbuletmə bacarıqlarının artırılması və xidmətə düzgün istiqamətləndirilməsi üçün real döyüş şəraitinə yaxın məşğələlər keçirilib.
Müxtəlif hərbi ixtisaslar üzrə praktiki bacarıqları yoxlanılan gənc zabitlər nəzəri dərslərdə də iştirak ediblər. Nəzəri dərslərdə əsas diqqət şəxsi heyətin psixoloji hazırlığına və 44 günlük Vətən müharibəsində düşmənlə informasiya qarşıdurması zamanı qazanılan nəticələrə yönəldilib.
Toplantıya cəlb edilmiş zabitlərdən ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar götürülüb, zabitlərin fiziki dözümlülüyü yoxlanılıb.
Təlim toplantısı yekun tədbiri ilə başa çatıb. Tədbirdə gənc zabitlərin yüksək nəticələr göstərdikləri qeyd edilib və toplantının əhəmiyyətindən danışılıb.