SİYASƏT
Əlamətdar hadisələr zamanı Azərbaycana informasiya hücumunun edilməsi ənənəvi hal alıb - Ekspert rəyi
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycanda önəmli tədbirlər keçiriləndə, yaxud dövlətimiz hansısa bir uğura imza atanda fərqli mərkəzlər tərəfindən dərhal əks-təbliğat kampaniyasının başladılması faktı ənənəvi hal alıb. Bu, təsadüfi xarakter daşımır və xaotik halda baş vermir. Təcrübə göstərir ki, Azərbaycana rəqib gözü ilə baxan dövlətlər, həmçinin dünyanın müxtəlif qütblərində yerləşən siyasi mərkəzlər dövlətimizin belə tədbirlər fonunda beynəlxalq diqqət mərkəzinə gəlməsini fürsət bilirlər, həmin məqamdan yararlanıb özlərinin çirkin niyyətlərini həyata keçirməyə çalışırlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
Bu tendensiyanın 2012-ci ildən etibarən daha qabarıq şəkildə müşahidə edildiyini diqqətə çatdıran ekspert deyib: “Həmin il ölkəmizdə “Eurovision-2012” mahnı müsabiqəsi keçirildi. Tədbiri ən yüksək səviyyədə təşkil etməsinə rəğmən, Azərbaycan haqsız bir kampaniya ilə üzləşdi. Səbəbləri araşdırarkən bəlli oldu ki, Qərbi Avropa dövlətlərinin və ABŞ-ın əlində alət olan “hüquq müdafiə təşkilatları” ölkəmizə qarşı ixtisaslaşmış koalisiya formalaşdırıblar. “Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu” adlandırılan həmin koalisiya vasitəsilə prosesləri koordinasiya edirlər. Uydurma faktlar formalaşdıraraq, dövlətimizə qarşı qərəzli bir informasiya savaşı aparırlar. Bu kampaniyalar vasitəsilə təzyiq göstərib Azərbaycandan müxtəlif kontekstli güzəştlər əldə etmək istəyirlər.
Eyni proses 2015-ci ildə “Bakı-2015” I Avropa Oyunları keçiriləndə, həmçinin 2017-ci ildə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəndə də təkrarlandı. Bəlli oldu ki, Qərb dövlətləri və onlara bağlı olan təşkilatlar sosial, mədəni, humanitar tədbirləri kontekstdən çıxarıb siyasi aksiyaya çevirmək, bunun fonunda öz maraqlarını təmin etmək üçün strategiyaya malikdirlər. Bu gün həmin dairələrin COP29 konfransına yanaşmaları da eyni kontekstdədir”.
Media eksperti bildirib ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) bəşəriyyətin gələcək taleyini müəyyənləşdirən platforma kimi yanaşır. Ölkəmiz konfrans iştirakçılarının rahatlığını, sərbəst fikir mübadiləsini təşkil etmək üçün bütün imkanlarını səfərbər edir. Qərb mərkəzləri isə bu tədbirə öz maraqlarını təmin etmək üçün fürsət kimi yanaşırlar. Onlar konfransın Azərbaycanda keçirilməsi yönündə qərarın verildiyi gündən başlayaraq bu ana qədər çirkin bir kampaniya aparır, tədbiri pozmaq üçün genişmiqyaslı fəaliyyət həyata keçirirlər. Bu günə qədər işlərini daha çox ənənəvi və transmilli media subyektləri üzərindən yürüdüblər. İndi isə həm də sosial şəbəkələri, o cümlədən “X” sosial media platformasını da prosesə qatıb, #COP29 həştəqi altında qeyri-obyektiv bir kampaniyaya start veriblər. Bütün əlamətlər onu göstərir ki, bu kampaniya da ənənəvi mərkəzlər tərəfindən sistemli şəkildə idarə olunur.
“COP29 konfransı Cənubi Qafqaz üzərində geopolitik savaşın gücləndiyi, açıq müstəviyə keçdiyi bir dönəmə təsadüf edir. Azərbaycan öz potensialından faydalanaraq, regionu bu savaşdan kənar tutmağa, bölgədə sülhü, sabitliyi qorumağa çalışır. Təbii ki, belə mövqe geopolitik savaş oyunçularına xoş gəlmir. Fikrimcə, COP29 üzərindən aparılan kampaniya da reallıqda ölkəmizin müstəqil xarici siyasət kursuna qarşı yönəlmiş təzyiq prosesidir. Amma bu kampaniyanı aparanlar gərək unutmasınlar ki, Azərbaycan bənzər oyunları dəfələrlə ifşa edərək iflasa uğrada bilib”, - deyə M.Ələsgərli vurğulayıb.