Əlcəzair mətbuatında “Xocalıya ədalət!” kampaniyası haqqında məqalə dərc edilib
Qahirə, 3 fevral, AZƏRTAC
Əlcəzairin “Vəssat” qəzetində və “Əl Hərir” portalında Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun “Xocalıya ədalət!” kampaniyası haqqında məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Konfransı Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada, o cümlədən İslam ölkələrində tanıdılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Müəllif diqqətə çatdırıb ki, 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında” qətnamə imzalanıb. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilib. Qətnamədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapıb. Bundan başqa, 2012-ci il noyabrın 15-17-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) Cibutidə keçirilən 39-cu sessiyasında İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanıyıb, həmçinin üzv ölkələri və İƏT-in qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək olmağa, bu soyqırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə çağırıb.
Məqalədə İƏT-in Qahirədə, Əbu-Dabidə, Tehranda, Konakridə keçirilmiş sammit və konfranslarında da Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş sənədlər barədə məlumat verilir. Müəllif, həmçinin XX əsrin bu dəhşətli cinayəti haqqında faktları da əlcəzairli oxucuların diqqətinə çatdırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə