Elçin Əmirbəyov: Azərbaycanın Fransaya vasitəçi kimi etibarı sıfra bərabərdir
Bakı, 6 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Fransaya potensial vasitəçi kimi etibarı sıfra bərabərdir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Radiofrance”a müsahibəsində deyib.
“Fransanın hazırkı siyasi rəhbərliyinin Ermənistana dəstəyi elə bir vəziyyətə gətirib çıxarıb ki, Azərbaycanda heç kəs, hətta nəzəri cəhətdən belə, Parisi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına faydalı töhfə verə biləcək tərəf kimi qəbul etməyə hazır deyil. Ermənilərin maraqlarını fədakarlıqla müdafiə edən Parisin sadiqliyinin ən son sübutu Fransanın xarici işlər naziri Katrin Kolonnanın İrəvanla hərbi-texniki əməkdaşlığı yeni keyfiyyət səviyyəsinə çıxarmaq qərarı, həmçinin de-fakto müttəfiqinə silah və hərbi texnika tədarükünün başlanması ilə bağlı bu yaxınlarda verdiyi bəyanatdır”, - deyə Elçin Əmirbəyov qeyd edib.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, Fransanın məsuliyyətsiz addımı təkcə onun “sülhməramlı” olmaqla bağlı böyük iddialarını heçə endirmir. Bu, həm regionu hərbi qarşıdurma ilə bağlı yeni təhlükəli vəziyyətə çatdırır, həm də Ermənistanı Azərbaycana qarşı yeni ölümcül təxribatlara və təcavüzə sövq edir.