Elgün Məmmədov: Lənkəranda başladığımız təmizlik və maarifləndirmə tədbiri davamlı olacaq
Lənkəran, 22 aprel, Bağır Əliyev, AZƏRTAC
Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar Dövlət Turizm Agentliyinin təşəbbüsü və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Xəzər dənizinin Lənkəran rayonu ərazisində keçirilən tədbir rayonun Nərimanabad qəsəbəsini, Aşağı Nüvədi və Sütəmurdov kəndlərini əhatə edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Elgün Məmmədov aprelin 22-də Lənkəranda jurnalistlərə açıqlamasında deyib.
Tədbirin əsas məqsədinin ətraf mühitin mühafizəsi, ekoloji təmiz şəraitin yaradılması, təbiətin mühafizəsi ilə bağlı yerli sakinlərlə maarifləndirmə söhbətlərinin aparmaq olduğunu vurğulayan E.Məmmədov USAID-lə birgə Xəzər dənizi sahili boyunca seçilmiş turizm məkanlarında ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici lövhələrin vurulduğunu, zibil və tullantılar üçün konteynerlərin yerləşdirildiyini diqqətə çatdırıb.
Elgün Məmmədov daha sonra deyib: “Lənkəranda başladığımız təmizlik və maarifləndirmə tədbiri davamlı olacaq. Bu məqsədlə turistlərin səyahət edəcəyi bir neçə məkan seçilib. Fürsətdən istifadə edib bu gün keçirdiyimiz tədbirdə bizə dəstək olan vətəndaşlara, o cümlədən Avrasiya Əməkdaşlıq Fonduna, Turizm Könüllüləri Təşkilatına, “Khazar Palase” hotelinin əməkdaşlarına, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin nümayəndələrinə minnətdarlığımızı bildiririk”.