Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ADPU tələbələri ilə görüşüblər













Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərinin tələbələrlə görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Tədbirin əsas məqsədi ali təhsil müəssisələrində tələbələrlə birbaşa dialoqun qurulması, onların təhsil prosesində daha fəal iştirakının təşviqi, tələbələrin inkişafına dəstək və təhsil mühitinə dair təkliflərin dinlənilməsi olub.
Tədbirdən əvvəl ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqlarla – Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Şuranın sədr müavini Pərvanə Məmmədova və üzvləri Günay Əkbərova, Rafael Hacıbəyli və Heydər Eminli ilə görüşüb. Görüşdə ali təhsildə idarəetmə, tədrisin keyfiyyəti və tələbələrin sosial-ictimai aktivliklərinin artırılması istiqamətində aparılan işlər barədə fikir mübadiləsi aparıb.
Daha sonra 400-ə yaxın tələbənin iştirakı ilə panel görüş keçirilib.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev çıxış edərək görüşün əhəmiyyəti barədə söz açıb.
İctimai Şuranın sədri Hikmət Əlizadə və şuranın üzvləri tələbələrə təhsildə ictimai nəzarətin əhəmiyyəti, tələbələrlə açıq dialoqun rolu, şəxsi inkişaf, yumşaq bacarıqların təkmilləşdirilməsinin əhəmiyyəti barədə məlumat veriblər. Çıxışçılar tələbələrə yalnız akademik biliklərlə məhdudlaşmamaq və özünüifadə, liderlik, ünsiyyət və komandada işləmək kimi bacarıqlarının inkişaf etdirilməsi barədə tövsiyələrini veriblər.
Panel görüş tələbələrlə fəal diskussiya və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Görüş Azərbaycan Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.