ELMAR MƏMMƏDYAROV DÜNYA İCTİMAİYYƏTİNİ MƏDƏNİYYƏTLƏR VƏ DİNLƏR ARASINDA DİALOQU GENİŞLƏNDİRMƏYƏ ÇAĞIRMIŞDIR
Baş Məclisin diqqət yetirdiyi təcili məsələlərdən birinin də Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət olduğunu vurğulayan Elmar Məmmədyarov bununla bağlı ali qurumun yekdilliklə qəbul etdiyi qətnamənin iki məqsəd daşıdığını demişdir: sənəd yandırılan ərazilərə dəyən qısa və uzunmüddətli ziyanın müəyyənləşdirilməsi, həmin ərazilərdə təcili ekoloji əməliyyatın keçirilməsi, torpaqların bərpa olunması, daha sonra isə, bu tədbirlərlə münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan arasında etimad yaradaraq, sülh danışıqları prosesinə töhfə vermək üçündür.
Nazir həmçinin demişdir ki, qətnamə münaqişə prosesində yeganə müsbət hadisədir. Əhəmiyyətli irəliləyiş əldə olunmasa da, hələlik tərəflər və vasitəçilər mərhələli nizamlanmanı yeganə çıxış yolu kimi qəbul ediblər. Azərbaycan nümayəndəsinin sözlərinə görə, münaqişə tərəfləri iki əsas prinsiplə - işğal edilmiş Dağlıq Qarabağ ərazisinin statusunun müəyyənləşdirilməsi və Ermənistan silahlı qüvvələrinin bütün zəbt edilən Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı razılığa gələ bilmirlər. Azərbaycanın mövqeyini açıqlayan xarici işlər naziri demişdir ki, Dağlıq Qarabağın statusu yalnız bölgənin erməni və azərbaycanlı icmalarının iştirakı ilə demokratik və qanuni proses vasitəsilə müəyyənləşdirilə bilər. Bunun üçün işğalçı qüvvələr torpaqlardan geri çəkilməli, Azərbaycanın məcburi köçkün düşmüş əhalisi Dağlıq Qarabağa və ətraf bölgələrə qayıtmalıdır. Azərbaycan tərəfi öz mövqeyində BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in müvafiq qərarlarını əsas tutur. Lakin Ermənistan birbaşa görüşlərdən imtina edərək, qeyri-konstruktiv mövqeyi ilə danışıqlarda irəliləyiş ümidlərini heçə endirir.
Elmar Məmmədyarov BMT kürsüsündən ölkəmizin iqtisadi uğurlarından da söhbət açmış və bildirmişdir ki, hazırda hökumətin qarşısında duran əsas məqsəd neft sektorunun gəlirlərini qeyri-neft sektoruna yatırmaqla ölkənin ixrac potensialını artırmaqdır. Bölgəmiz üçün tarixi rol oynayan Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri işə salınıb, ilin sonunadək isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi başa çatdırılacaq və Azərbaycan qlobal enerji təhlükəsizliyinə öz töhfələrini verəcəkdir.