REGİONLAR
Elmi konfrans: Şərqin qapısı – qədim diyar
![](/files/galleryphoto/2024/1/1200x630/17104392915759523967_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17104392911392640797_1200x630.jpg)
Naxçıvan, 14 mart, AZƏRTAC
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilən “Şərqin qapısı – qədim diyar” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfransda AMEA Naxçıvan bölməsinin sədri akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının əhəmiyyətindən danışıb.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvanın Daş dövrü abidələri” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, Plovdağ və Osmantəpə yaşayış yerlərindən aşkar olunan əmək alətləri burada ilk insanların 1,5 milyon il əvvəl məskunlaşdığını sübut edir. Bu fakt bölgənin nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda ən qədim yaşayış yeri olduğunu göstərir.
Vurğulanıb ki, elmi ədəbiyyatlarda Azərbaycanda köçəri maldarlığın yaranması Erkən Tunc dövrünə aid edilsə də, I Kültəpə və Osmantəpə yaşayış yerlərindən aşkar olunan tapıntılar burada hələ Neolit dövründə köçəri maldarlıq ənənəsinin mövcud olduğunu təsdiqləyir.
Akademik İsmayıl Hacıyev “Qars müqaviləsi: Naxçıvanın muxtariyyət məsələsi və ərazi taleyi” mövzusunda məruzəsində 1918-1920-ci illərdə Naxçıvanın ictimai-siyasi vəziyyəti, Qars müqaviləsinin hazırlanması, konfransın keçirilməsi ərəfəsində aparılan danışıqların mahiyyəti, konfransda təmsil olunan nümayəndə heyətlərinin fəaliyyəti, ortaya çıxan fikir ayrılıqları və müqavilənin ratifikasiyası barədə danışıb.
Elmi konfrans işini bölmə iclasları ilə davam etdirib.
İnstitut əməkdaşları “Tarix”, “Arxeologiya və Etnoqrafiya” bölmələri üzrə məruzələr ediblər.
Qədim dövrlərdən günümüzədək Naxçıvanın ictimai-siyasi və mədəni həyatının bəzi məqamlarının təhlili, əcdadlarımızın sahib olduqları inanc və həyat tərzi, dulusçuluq vərdişləri, ermənilərin Naxçıvanda törətdikləri kütləvi qırğınlar, muxtar respublikanın qurucuları, bölgənin ticarət əlaqələri və başqa məsələlərin təhlili məruzələrin əsasını təşkil edib.
Qeyd edək ki, konfransın materiallarından ibarət məqalələr toplusunun siqnal nüsxəsi artıq çap olunub.