Elşad Əsgərov: Hazırda pələnglərin ölkəmizə reintroduksiyası təhlükəli və mümkünsüzdür
Bakı, 29 iyul, AZƏRTAC
Hazırda Azərbaycanda təbii şəraitdə pələng yaşamır. Lakin vaxtilə ölkəmizdə pişikkimilər fəsiləsinə aid olan pələngin Turan yarımnövü mövcud olub. Onlar Mərkəzi Aranda, Kür boyunca olan qamışlıqlarda, cənub bölgəsində, Hirkan meşələrində yaşayıblar. Əsas qidalarını qamışlıqlarda yaşayan vəhşi donuzlar təşkil edib. Respublika ərazisində Turan pələnginin sonuncu fərdləri 94-95 il əvvəl - 1932-ci ildə ovlanıb.
Bunu AZƏRTAC-a açıqlamasında Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Elşad Əsgərov deyib.
Onun sözlərinə görə, Turan pələnginə vaxtilə İranda, Əfqanıstanda, Mərkəzi Asiyada da rast gəlinsə də, hazırda həmin yarımnövün nəsli kəsilib. Ona görə də həmin yarımnövü ölkəmizə reintroduksiya etmək şansı yoxdur.
“Digər yandan ölkəmizdə pələnglərin yaşaması üçün sərbəst, açıq ərazilər yoxdur. Harasa pələng buraxsaq, o, gedib hansısa kənddə sakinlərə, mal-qaraya hücum edəcək, insanlar da məcbur qalıb onu öldürəcəklər. Ona görə də onun reintroduksiyası hazırda təhlükəli və mümkünsüzdür”, - deyə o diqqətə çatdırıb.
Elşad Əsgərov vurğulayıb ki, Mərkəzi Asiyada mütəxəssislər pələngləri əvvəlki areallarında bərpa etməyin üzərində işləyirlər. “Əsasən Sibir və Amur pələnglərinə üstünük verilməsi nəzərdə tutulub. İndi alimlər genetik çalışmalar nəticəsində hesab edirlər ki, Amur və Turan pələngləri bir-birinə çox yaxındır, demək olar eyni yarımnövdür. Ona görə də Amur pələngi yarımnövü vasitəsilə Qazaxıstanda pələngləri bərpa etmək istəyirlər. Bunun üçün 1 milyon hektar ərazini qoruğa çeviriblər. Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi ərazisi heç 1 milyon hektara çatmır. Qısacası, hazırda həmin heyvanların təbiətimizə reintroduksiyası üçün şərait yoxdur”, - deyə E.Əsgərov qeyd edib.
Xatırladaq ki, iyulun 29-u Beynəlxalq Pələng Günüdür.
Müxbir – Göyçək Mahmudlu