Əlyazmalar İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli xalqımızın başına gətirilən faciələr barədə məlumat verib.
Bildirilib ki, Milli Məclis ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevral ayının 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. İndiki dövrdə bu qərarın nəticəsi kimi Azərbaycan dövləti Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə, geniş ictimaiyyətə çatdırılması üçün uğurlu siyasət yürüdür.
Vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırılır.
Filologiya üzrə fəlsəfə doktoru, Xocalı faciəsinin şahidi Yusif Bağırlı Xocalı faciəsi ilə bağlı ağrılı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Digər çıxış edənlər də Xocalı faciəsi qurbanlarının unudulmayacağını söyləyib, işğal altındakı torpaqlarımızın düşməndən azad ediləcəyinə əmin olduqlarını bildiriblər.