Əlyazmalar İnstitutunda Xocalı soyqırımının ildönümü qeyd olunub
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı soyqırımı ilə əlaqədar anıma mərasimi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, mərasimdə bu elm müəssisəsinin direktoru, akademik Teymur Kərimli faciənin tarixin qanlı səhifəsi olduğunu vurğulayıb. Qeyd edilib ki, ötən 23 il ərzində Azərbaycan hakimiyyəti, ictimaiyyət bu faciəni - Azərbaycan gerçəkliklərini bütün dünyaya çatdırmaq istiqamətində irimiqyaslı işlər görüb.
İnstitut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli Xocalı faciəsinin Azərbaycan xalqının başına gətirilən fəlakətlərdən biri olduğunu söyləyib.
İnstitut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov tarixən ermənilərin Azərbaycan xalqına qarşı cinayətlərinin dünyaya çatdırılmasında Əlyazmalar İnstitutu alimlərinin gördüyü işlərdən danışıb. Bildirilib ki, bu il ermənilərin öz qondarma soyqırımlarının 100 illiyini keçirmələri ərəfəsində Xocalı faciəsini dünyaya çatdırmaqda bu işlərin əhəmiyyəti böyükdür.
Sonra Xocalı faciəsinə həsr olunan sərgi və film nümayiş etdirilib.