CƏMİYYƏT
Əmək və əhalinin sosial müdafiəsi naziri Oğuzda vətəndaşların müraciətini dinləyib
Bakı, 29 noyabr, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Oğuz rayonunda Oğuz və Qəbələ rayonlarının sakinlərinin müraciətini dinləyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.
Vətəndaşlar məşğulluq, əlillik, mənzil və avtomobil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.