MƏDƏNİYYƏT
Əməkdar artist Niftulla Əsgərov vəfat edib
Bakı, 22 yanvar, AZƏRTAC
Əməkdar artist Niftulla Fətulla oğlu Əsgərov uzun sürən xəstəlikdən sonra 2024-cü il yanvarın 22-si səhər saatlarında vəfat edib.
Bu barədə AZƏRTAC-a Lənkəran Dram Teatrından məlumat verilib.
Qeyd edək ki, Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb.
Teatrda S.M.Qənizadənin “Xor-xor”əsərində Seyfulla, İ.Məlikzadənin “Gəl qohum olaq”ında Camal, H.Abbaszadənin “Həzi Aslanov”unda Bekişvilli, Ü.Hacıbəylinin “Olanlardan-keçənlərdən”ində Atamoğlan əmi, N.B.Vəzirovun “Hacı Qənbər”ində Qıdı Kirvə, E.İsgəndərzadənin “Qalxın, məhkəmə gəlir”ində Bəhruz, H. Mirələmovun “Vicdanın hökmü”ndə Aşot, B. Nuşiçin “Nazirin xanımı”nda Çeda, N.Nərimanovun “Nadir şah”ında Əliəşrəf bəy və s. obrazlara səhnə həyatı verib.
Paralel olaraq "My name is İntiqam", "My name is İntiqam 2", "Bayram axşamı", "Bığ əhvalatı", "Vəziyyət rusca", "Elçilik" və başqa filmlərdə, "Bizim Əhməd haradadır?", "Xalxın evi" və s. seriallarında aktyor kimi çəkilib.
2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!