AZƏRTAC xəbər verir ki, bu il mayın 20-21-də Çinin və Azərbaycanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov ÇXR-in xarici işlər naziri Li Caosin və onun müavini Li Xuey ilə görüşlər keçirmişdir. Danışıqlar zamanı Çin tərəfi ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu böyük məmnuniyyətlə qeyd etmiş və bundan sonra da elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf edəcəyi ilə bağlı əminliyini bildirmişdir. Görüşdə Çin ilə Azərbaycan arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmiş və separatçılıq, beynəlxalq terrorçuluq, narkotik maddələrin qanunsuz dövriyyəsi və digər transmilli cinayətlərə qarşı mübarizə üzrə birgə fəaliyyətin mühüm əhəmiyyəti olduğu bildirilmişdir.
Çin tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tezliklə sülh yolu ilə həll və ərazi bütövlüyünün təmin edilməsi ilə əlaqədar Azərbaycanın səylərini dəstəklədiyini bildirmişdir.
Məsləhətləşmələr zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına edəcəyi səfərin yüksək səviyyədə hazırlanması ilə bağlı məsələlər müzakirə edilmiş və bu səfərin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafına mühüm təkan verəcəyi vurğulanmışdır.
Danışıqlarda Azərbaycan Respublikasının ÇXR-dəki səfiri Yaşar Əliyev iştirak etmişdir.