Emin Əhmədov: Artıq köçkün deyilik, öz yurdumuzun sakiniyik VİDEO
Cəbrayıl, 13 may, AZƏRTAC
“Böyük Qayıdış” Proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edən keçmiş məcburi köçkünlər doğma yurdlarına qovuşmağın sevincini yaşayırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uzun illər həsrətlə gözlədikləri torpaqlara geri dönən sakinlərdən biri də Emin Əhmədovdur. O, bu kənddən çıxarkən cəmi 13 yaşı olub və 46 yaşında doğma yurduna qayıdıb.
Şükürbəyli kəndinin tamamilə yenidən qurulduğunu, burada sakinlərin rahat yaşayışı üçün hər cür şəraitin yaradıldığını söyləyən E.Əhmədov deyib: “Biz buraya əbədi yaşamaq üçün gəlmişik. Kəndimiz yenidən qurulub, müasir infrastruktur yaradılıb. Hər bir şəraiti olan evlər inşa edilib, küçələr abadlaşdırılıb. Bir sözlə, Şükürbəyli tamamilə yenidən qurulub”.
O, illərlə məcburi köçkün həyatı yaşadığı dövrdə tanıdığı insanlara da səslənib: “Məcburi köçkünlük illərində yaşadığım yerlərdə olan qonşularıma, tanışlarıma buradan səslənirəm ki, qapımız hər zaman üzünüzə açıqdır. Artıq biz köçkün deyilik. Cəbrayılın əzəli sakinləri kimi öz yurdumuzda yaşayacaq, qonaqlı-qaralı günlər keçirəcəyik”.
Doğma torpağa dönüşün onun üçün unudulmaz hisslər yaşatdığını deyən sakin sevincini belə ifadə edib: “Bu gün sanki mən yenidən həyata gəlmişəm. Vətənə qovuşmağın sevincini yaşayıram”.
Qeyd edək ki, bu gün Şükürbəyli kəndinə 97 ailə olmaqla 419 nəfər qayıdıb.
Müxbir-Aydın Yavərzadə