Aqrar Tədqiqatlar Mərkəzi iki beynəlxalq şirkətlə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Bakı, 13 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi (ATM) İsrailin aqrotexnologiya sahəsində fəaliyyət göstərən qabaqcıl “Agrigo AI Ltd.” və “Supplant Ltd.” şirkətləri ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, memorandum ATM-in direktoru Rəşad Hüseynov, “Agrigo AI Ltd.” şirkətinin Marketinq və biznesin inkişafı üzrə vitse-prezidenti Darina Privalko və “Supplant Ltd.” şirkətinin həmtəsisçisi və Gəlirlər üzrə direktoru Ori Ben Ner tərəfindən imzalanıb.
Bu əməkdaşlıq ATM-in beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də aqrar sahədə innovativ texnologiyaların ölkəmizə transferi baxımından mühüm mərhələ hesab olunur.
Sənəd kənd təsərrüfatı, aqrosənaye, ərzaq təhlükəsizliyi, süni intellektəsaslı aqrotexnologiyalar və iqtisadi tədqiqatlar sahəsində elmi və texnoloji əməkdaşlığın inkişafını nəzərdə tutur. Memorandum çərçivəsində birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, innovativ həllərin tətbiqi, qabaqcıl rəqəmsal texnologiyaların yerli şəraitə uyğunlaşdırılması, mütəxəssis mübadiləsi, təlim proqramları və beynəlxalq elmi tədbirlərin təşkili planlaşdırılır.
Əməkdaşlığın əsas məqsədlərindən biri Azərbaycanda aqrar tədqiqatların beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, innovativ yanaşmaların təşviqi və aqrar sahədə rəqəmsal transformasiyanın sürətləndirilməsidir. Bununla yanaşı, memorandum ölkəmizdə aqrar elmin inkişafına, müasir texnologiyaların tətbiqinə və insan kapitalının gücləndirilməsinə dəstək göstərəcək.
Memorandumun gələcəkdə birgə pilot layihələrin həyata keçirilməsi, yeni texnologiyaların sınaqdan keçirilməsi və regional əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcəyi gözlənilir.