Endi Börnhemin müşavirləri erkən seçki keçirilməsini təklif edirlər
London, 25 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Endi Börnhemin müşavirlərinin 2027-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ideyasını irəli sürdükləri bildirilir.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, Börnhemin komandasındakı yüksəkvəzifəli şəxslər seçkilərin yaz aylarında keçirilməsinin Leyboristlər Partiyasına yenidən çoxluq qazanmaq üçün ən yaxşı imkan verə biləcəyini hesab edirlər.
Bu müzakirələr “YouGov”un MRP sorğusundan sonra gündəmə gəlib. Sorğunun proqnozuna görə, Mühafizəkarlar Partiyası və Reform UK birlikdə 253 mandat qazana, Leyboristlər isə 241 mandatla ən böyük partiya olaraq qala bilər. Bununla belə, həmin nəticə Leyboristlərin parlamentdə çoxluq əldə etməsi üçün tələb olunan göstəricidən 85 mandat azdır. Sorğuya əsasən, Liberal Demokratların 71, Yaşıllar Partiyasının isə 9 mandat qazanacağı proqnozlaşdırılır. Bu halda Leyboristlərin hökumət formalaşdırmaq üçün koalisiya tərəfdaşlarına ehtiyacı ola bilər.
Erkən seçkiləri dəstəkləyən şəxslərin bir qismi isə hesab edir ki, Baş nazir belə bir addımı yalnız Yaxın Şərqdəki böhran həll olunduğu, yaşayış xərcləri ilə bağlı təzyiqlər azaldığı və enerji qiymətləri aşağı düşdüyü halda ata bilər. Hökumətdəki yüksəkvəzifəli mənbələrdən biri qəzetə bildirib ki, növbəti seçkinin vaxtı ilə bağlı hökumət daxilində müxtəlif fikirlər var. Mənbə əlavə edib ki, Börnhemin bütün mümkün ssenariləri nəzərdən keçirməməsi sadəlövhlük olardı.