Energetika nazirinin müavini: Hədəflərə nail olmaq üçün özəl sektorun aktiv iştirakı mütləqdir
Bakı, 29 sentyabr, AZƏRTAC
COP29-dan etibarən çox böyük nailiyyətlər əldə etmişik. Bu nailiyyətlər yalnız ölkəmiz üçün deyil, həm də beynəlxalq tərəfdaşlarımız qarşısında sərgiləyə biləcəyimiz uğurlardır. İqlim dəyişikliyi ilə bağlı uzun müddət çalışdıq və indi düşünürük ki, bu prosesi daha da sürətləndirməyin yollarını tapmalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən “Yaşıl keçid çağırışına cavab – Milli İqlim Planları (NDC-lər və NAP-lar), İnvestisiya platformaları və keçid planları” mövzusunda sessiyada Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib.
O qeyd edib ki, hər bir ölkə öz milli maraqlarını qoruyur və həll yolları bu maraqlarla uyğun olmalıdır. Xüsusilə innovasiya sahəsində bu uyğunluq daha vacibdir. “Hökumətlər bu gündəliyi sürətləndirmək üçün mühüm rol oynaya bilər. Məsələn, qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlamaq hədəflərini daha da irəli apara bilərlər. Lakin bu hədəflərə nail olmaq üçün özəl sektorun aktiv iştirakı mütləqdir. Hökumətlər bu təşəbbüsləri təbliğ etməli, yaşıl texnologiyaların tətbiqini təşviq etməlidirlər. Çünki yaşıl texnologiyalar özləri yüksək maliyyət tələb edir və yalnız həm dövlətin, həm də özəl sektorun dəstəyi ilə geniş yayılmaq imkanına malikdir”, - deyə nazir müavini əlavə edib.
Onun sözlərinə görə, Nyu-York və Berlin kimi şəhərlərdə bu sahədə maarifləndirmə tədbirləri geniş şəkildə həyata keçirilir. “Bu nümunələr göstərir ki, həm ictimaiyyətin məlumatlandırılması, həm də texnologiyaların tətbiqi iqlim siyasətinin uğurlu olmasında həlledici rol oynayır. İnanırıq ki, hökumətlər, özəl sektor və cəmiyyət birgə çalışdıqda daha dayanıqlı, yaşıl və sabit gələcək üçün əhəmiyyətli addımlar atıla bilər”.