ƏRƏB DÜNYASI 20 YANVAR BARƏDƏ MƏLUMATLANDIRILIR
Ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, missiya 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat hazırlayaraq, Krallığın Xarici İşlər Nazirliyinə və mətbuat orqanlarına, Körfəz ölkələrinin kütləvi informasiya vasitələrinə, informasiya agentliklərinə, dost müsəlman ölkələrində yayılması üçün İslam Konfransl Təşkilatının Baş Katibliyinə, İslam Xəbərlər Agentliyinə göndərilmişdir. Bəyanatda deyilir ki, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş hadisələrdə keçmiş sovet rəhbərliyi ermənilərlə əlbir olmuş və beynəlxalq qanunları ciddi pozaraq, Azərbaycan xalqının hüquqlarına təcavüz etmiş, ona qarşı zorakılıq törətmiş, müasir silah işlətməklə əliyalın insanların kütləvi qırğınına yol vermişdir. Lakin bu vəhşiliklər heç də Azərbaycan xalqının iradəsini qıra bilməmiş, əksinə, ölkədə müstəqillik uğrunda hərəkatın daha da güclənməsinə gətirib çıxarmışdır.
Bu günlər Səudiyyə Ərəbistanının bir sıra dövlət və ictimai təşkilatlarının nümayəndələri səfirliklə əlaqə saxlayıb Azərbaycan xalqı üçün kədərli hadisələrlə - əbədi Prezidentimiz Heydər Əliyevin vəfatının 40-cı günü və 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə əlaqədar dərin hüznlərini bildirirlər.
Ölkənin rəsmi mətbuat orqanı olan “Ər-Riyad” qəzeti öz səhifələrində bəyanatın tam mətnini dərc etmişdir.