Ərəb mətbuatı Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında iqtisadi əməkdaşlıqdan yazıb
Qahirə, 17 mart, AZƏRTAC
Azərbaycan və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri arasında tikinti, sənaye, səhiyyə və əczaçılıq, turizm, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin əməkdaşlığının perspektivlərinin müzakirə edildiyi II biznes vebinar ərəb KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Bəhreynin rəsmi BNA informasiya agentliyi, “Gulf Daily News”, “Aşarq Əl Əvsat” qəzetləri və “Menafn” portalında ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və KƏŞ ölkələrindən rəsmi şəxslərlə yanaşı, 70-dən çox iş adamının iştirak etdiyi forum barədə materiallar yayıblar.
Ərəb KİV-lərinin məqalələrində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Bəhreyn Ticarət və Sənaye Palatasının sədri, KƏŞ Palatalar Federasiyasının rəhbəri Samir Nassın çıxışlarına geniş yer verilib. Materiallarda qeyd edilib ki, 2018-ci ildə KƏŞ ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi 83 milyon dollar olub. Pandemiya dövründə ticari əməkdaşlıq istənilən səviyyədə olmasa da, 1,4 trilyon dollar həcmində iqtisadiyyatı olan KƏŞ Azərbaycanla iqtisadiyyatın bir çox sahələrində, həmçinin turizm sektorunda daha fəal əməkdaşlıq etmək niyyətindədir.
Məqalələrdə vurğulanıb ki, KƏŞ Palatalar Federasiyasının baş katibi Saud əl-Maşəri Körfəz ölkələrinin geniş iqtisadi potensiala malik olan Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu söyləyib. O əlavə edib ki, hazırda Azərbaycan iqtisadi, ticari, aqrar və turizm sahələrində böyük tərəqqi dövrünü yaşayır. Baş katib vurğulayıb ki, əməkdaşlıq çərçivəsində Körfəz ölkələri və Azərbaycanda istehsal edilən mal və məhsulların sərgiləri də təşkil ediləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə