ERMƏNİ LOBBİSİ ABŞ-IN ERMƏNİSTANA YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNƏ QARŞI KAMPANİYANI DAVAM ETDİRİR
Yalan və böhtan yaymaqda böyük təcrübəyə malik olan ermənilər bu dəfə də diqqəti iki istiqamətə - mətbuat və qanunverici orqana yönəltmişlər. Erməni lobbisinin daha çox təsir göstərdiyi “Los-Anceles Tayms” qəzeti İrəvana göndəriləcək yeni səfir Riçard Hoqlandın təyinatının ABŞ Senatında təsdiq olunmaması üçün yazılar dərc edir, yeni səfirin qondarma “soyqırımı”na münasibətinin aydın olmayacağı təqdirdə İrəvana göndərilməməsi tələb olunur. Senatdakı komitələrin 18 ermənipərəst üzvünün də Dövlət Departamentinə Con Evansın geri çağırılması ilə bağlı izahat tələb edən məktub göndərdikləri bildirilir. Onlar Corc Buşun rəhbərlik etdiyi Respublikaçılar Partiyasını Ankaranın siyasətini dəstəkləməkdə günahlandırırlar. Lakin bu partiyanın mövqeyinin Birləşmiş Ştatlar parlamentinin hər iki palatasında güclü olduğunu bildirən analitiklər, ermənilərin və onların havadarlarının səylərinin heç bir nəticə verməyəcəyini söyləyirlər.
Bu məsələ ilə əlaqədar bəyanat verən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Mətyu Brayzə “səfirlərin Prezidentə xidmət etdiklərini və onun siyasətini yürütmək vəzifəsini daşıdıqlarını” demişdir.