Erməni mətbuatının yaydığı yalan məlumatlar ictimaiyyətimizi çaşdırmaq məqsədi güdür - ŞƏRH
Bakı, 8 yanvar, AZƏRTAC
Ermənistan mətbuatı ilk dəfə deyil ki, Azərbaycan və onun müharibədəki itkiləri ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayır. Bu fəaliyyətlər Vətən müharibəsi və ondan sonrakı dövrdə xüsusi vüsət alıb. Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun nailiyyətlərini kiçiklətmək üçün erməni mətbuatı itirdiyi ərazilər, texnikalar, silah və sursatlar barədə məlumatı təhrif edirdi. Bəzən isə rayonun, məsələn, Hadrutun tam Azərbaycan Ordusunun nəzarətində olmasına baxmayaraq, oradan köhnə döyüş fraqmentləri paylaşaraq, sanki Ermənistan ordusunun həmin ərazilərdən geri çəkilmədiyini, hələ də mübarizə apardığını nümayiş etdirməyə çalışırdı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Ordusunun guya 2022-ci ildəki itkiləri ilə bağlı erməni mətbuatının yaydığı yalan və dezinformasiya xarakteri məlumatları şərh edərkən deyib.
Ekspert vurğulayıb ki, bundan başqa, biz dəfələrə Ermənistan ordusunun “AN-2” təyyarələrimizi “Su-25” kimi təqdim etdiyinin və ya “uğurlu” əks hücumlarının da şahid olmuşuq.
Hərbi ilə əlaqəsi olmayan, sadəcə bu və ya digər səbəblərdən hərbi geyimdə olan şəxsləri - müğənniləri, blogerləri, cəbhə bölgəsində konsertlər təşkil edənlərin erməni mətbuatı tərəfindən ordumuzun döyüşdə həlak olmuş mənsubları kimi təqdim etməsi barədə çoxsaylı fotofaktlar mövcuddur.
İndi isə Ermənistan mətbuatı ehtiyata buraxıldıqdan sonra müxtəlif səbəblərdən dünyasını dəyişmiş vətəndaşlar barədə məlumatları belə ordumuzun döyüş itkiləri kimi qələmə verməyə çalışır. Azərbaycan Ordusunda hər il on minlərlə insan hərbi xidmətdən tərxis olunur. Bunların arasında bəziləri dünyasını da dəyişə bilər. Belə insanların Azərbaycan Ordusunun itkiləri kimi qələmə verilməsi Ermənistan mətbuatının çıxılmazlıq sindromu kimi qəbul edilməlidir.
Hərbi ekspertin sözlərinə görə, Azərbaycan ordusunun sıralarında xidmət edən hərbçinin dünyasını dəyişməsi və ya döyüş əməliyyatlarında şəhid olması barədə məlumat heç bir halda gizlin saxlanıla bilməz. Ordumuzun itkiləri barədə məlumatlar dəqiqləşdirildikdən dərhal sonra rəsmi orqanlar tərəfindən təqdim edilir.
“Ermənilərin uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatları ictimaiyyəti çaşdırmaq məqsədi güdür. Odur ki, mən vətəndaşlarımızı, media nümayəndələrini, həmçinin sosial şəbəkə istifadəçilərini erməni mətbuatının yaydığı bu cür həqiqətəuyğun olmayan məlumatlara inanmamağa, ermənilərin dərc etdiyi materialları paylaşmamağa çağırıram. Onlar yalnız rəsmi dövlət qurumlarımızın və ya inandıqları resursların yaydığı informasiyalara istinad etsinlər. Bu həm də erməni mətbuatının ucuz təbliğatının sıfırlanmasına da imkan vermiş olar”, - deyə ekspert əlavə edib.