Ermənilər Parisdə kürdlərin qətlə yetirilməsini siyasiləşdirməyə cəhd edirlər
Paris, 26 dekabr, AZƏRTAC
Rasist olduğunu deyən 69 yaşlı fransız Vilyam paytaxt Parisin 10-cu rayonunda 3 kürdü qətlə yetirib. O törətdiyi qətli patoloji nifrət hissinin olması ilə əlaqələndirib.
AZƏRTAC xəbər verir ki, daxili işlər naziri Jeral Darmanən hadisə günü qatilin açıq-aydın tək hərəkət etdiyini bildirib, onun heç bir kəşfiyyat xidmətinə məlum olmadığını deyib.
Qətl hadisəsində qatilin saxlanılmasına və bu şəxsin xaricilərə nifrət etdiyini bildirməsinə baxmayaraq, bu bədbəxt hadisəni siyasiləşdirməyə cəhdlər olunur. Fransa Demokratik Kürd Şurasının sədri bu hadisənin kənardan idarə olunduğunu iddia edərək, hadisəni terror aktı kimi qiymətləndirməyi tələb edir. Hətta ermənilər belə bu hadisədə Türkiyənin əli olduğunu iddia edirlər. Türkiyəyə düşmənçiliklərini aydın göstərən bu qüvvələr hadisəni başqa istiqamətə yönəltməyə çalışsalar da, sosial şəbəkələrdə insanlar bunun siyasiləşdirildiyini qeyd edir və buna etirazlarını bildirirlər.
Paris məhkəməsi hələ də ilkin versiyanı saxlayır, ancaq prokurorluq bu hücumun xüsusi bir irqə, etnik qrupa, millətə və ya dinə mənsub insanları hədəfə alması iddiaları üzərində araşdırmalar aparır.
Paris Prokurorluğu bildirib ki, şübhəlinin evindən ələ keçirilən fiziki və rəqəmsal sənədlər “ekstremist ideologiya ilə hər hansı bir əlaqənin olduğunu göstərmir. Müvəqqəti saxlama məntəqəsinə köçürülməzdən əvvəl də bu 69 yaşlı fransız Sen-Dönidə “yad insanları” öldürmək istədiyini etiraf edib. O, 2016-cı ildə məruz qaldığı qarət hadisəsindən sonra "miqrantları, əcnəbiləri öldürmək” istədiyini deyib.
Baş verən proseslər, qətl hadisəsi əsasında yaradılan süni ajiotaj ermənilərin öz xislətlərindən və türklərə qarşı düşmənçiliklərindən əl çəkmədiklərini bir daha göstərir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris