ERMƏNİLƏRİN FIRILDAQÇI “ANİ-RECORDS” SƏSYAZMA STUDİYASI BAĞLANMIŞDIR
Respublika Müəlliflik Hüquqları Agentliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, məhz bu fonoqram və videoqram “istehsalçısının” və onunla əlaqədə olan digər erməni səsyazma studiyalarının “səyləri” sayəsində 1999-2003-cü illərdə Rusiyanın və digər MDB ölkələrinin, habelə bir sıra başqa ölkələrin bazarları “erməni musiqisi”, “erməni rəqsləri” adı altında məhsullarla doldurulmuşdur.
Erməni saxtakarları kassetləri üzərində çox həyasızcasına “Əziz dost! Bu kasseti almaqla siz Ermənistandan kənarda erməni mədəniyyətinin qorunub saxlanması işinə böyük töhfənizi etdiniz. “Ani-Records” studiyasının təqdim etdiyi musiqi erməni mədəniyyətinin bütün istiqamətləri üzrə çox diqqətlə seçilmişdir” kimi sözləri yazaraq, folklor musiqi nümunələrimizi və Azərbaycan bəstəkarlarının müəllif əsərlərini mənimsəmişlər. Məhz “Ani-Records”un talançılıq əməlləri nəticəsində “Vağzalı”, “Tərəkəmə”, “Yallı”, “Uzundərə”, “Qazağı” Azərbaycan xalq rəqsləri, “Xan bacı”, “Dəli Ceyran” və s. xalq mahnıları, habelə Azərbaycan müəlliflərinin musiqi kompozisiyaları ermənilərin adına çıxılmışdır. Folklor musiqi nümunələrinin mənşəyinin və müəllif əsərlərində adların göstərilməsi barədə beynəlxalq normaların tələblərinə baxmayaraq, həmin pirat studiyası Azərbaycana məxsus əsərlərdə onlara erməni ifaçıların adları və ya “erməni rəqsləri”, “rabiz-rabiz”, “Ermənistan ulduzları” və s. tipli ümumi adlarla əvəzləmişdir. Bu studiya Rusiyanın müxtəlif şəhərlərində saxta ünvan və telefonlar göstərərək, Rusiya ərazisində qanuni fəaliyyət göstərən hüquqi şəxs görüntüsü yaratmaqla öz fəaliyyətini pərdələmişdir. Plagiat və kontrafaksiya, saxtakarlıq və fırıldaqçılıq - bütün bunlar hələ bu bədnam studiyanın “xidmətlərinin” tam siyahısı deyildir.
Respublika Müəllif Hüquqları Agentliyinin bu studiyanın tapılması üçün, sonradan bəlli olduğu kimi, saxta ünvanlarda uzun-uzadı axtarışları, Rusiya Müəllif Təşkilatına, fonoqram istehsalçılarının Beynəlxalq Assosiasiyasına müraciətləri axırda belə nəticəyə gətirib çıxarmışdı ki, müvafiq Rusiya və regional beynəlxalq strukturlarında belə studiya uçotda deyil və onların lisenziyasından istifadə etmir. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə müraciət əsasında qəti müəyyən edildi ki, bu studiyanın Rusiya qanunları ilə tələb olunan baş lisenziyası yoxdur və onun fəaliyyəti qeyri-qanunidir. Ona görə də agentlik Rusiya səfirliyindən həmin məlumatın Rusiyanın müvafiq səlahiyyətli orqanlarına çatdırılmasını və “Ani-Records”un qanunsuz fəaliyyətinin qarşısının alınmasında kömək göstərilməsini xahiş etmişdi.
Lakin sonradan məlum oldu ki, 2003-cü ilin ortalarında həmin studiya audio və video kassetlərin hazırlanması üçün hansısa yollarla lisenziya almış və Rostov vilayəti Çaltır kəndinin Myasnikyan küçəsindəki 90 nömrəli evdə yuva salmışdır.
“Ani-Records”un musiqi oğurluqları və pirat fəaliyyəti barədə respublika ictimaiyyətinə geniş məlumat çatdırılmışdır. Milli Məclisin nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının sessiyasına təqdim etdiyi “Azərbaycan mədəni irsinin qəsbi və dağıdılması” sənədində (2001-ci il), Milli Məclisin “Azərbaycanın mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar” (2002-ci il) Bəyanatında bu studiyanın adı çəkilmişdir. 1999-cu ilin sonundan indiyə qədər KİV-lərdə beynəlxalq simpoziumlarda, bu studiyanın piratçılıq fəaliyyəti barədə geniş məlumat verilmişdir.
Rusiya Federasiyasının Mətbuat, Teleradio Verilişləri və Kütləvi Kommunikasiya Vasitələri İşləri Nazirliyi musiqili və s. əsərlərin surətçıxarılmasına (tirajlanmasına) müəllif hüquqlarını təsdiqləyən müqavilələrin olmaması, həmçinin buraxılan məhsulun uçotunun aparılmaması da daxil olmaqla lisenziya tələblərinin kobud şəkildə pozulması hallarının aşkara çıxarılması ilə əlaqədar 2004-cü il yanvarın 19-dan “Ani-Records”un fəaliyyətini dayandırmışdır.
“Ani-Records”un audio və videoqramların istehsalı və yayılması sahəsində fəaliyyətinin dayandırılması haqqında məlumatı həmin nazirliyin mətbuat xidməti yaymış və onu nazirliyin rəsmi saytında yerləşdirmişdir.