Ermənistan ordusunun hərbi təxribatları ilə bağlı həqiqətlər Litva radiosunda səsləndirilib
Bakı, 19 aprel, AZƏRTAC
Litva İctimai Radiosunun aktual problemlər studiyasında yayımlanan 50 dəqiqəlik analitik veriliş aprelin ilk günlərində Ermənistan ordusunun Azərbaycanla təmas xəttində törətdiyi hərbi təxribatlara həsr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aprelin 11-də efirə gedən “Qarabağın Qordion düyünü” adlı tarixi və ictimai-siyasi təhlil yönümlü verilişdə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev, Vilnüs Universitetinin Beynəlxalq Münasibətlər və Siyasi Elmlər İnstitutunun beynəlxalq münasibətlər kafedrasının dosenti Dovile Yaknyunayte, litvalı tarixçi, siyasi şərhçi və konfliktoloq İmantas Melyanas və başqaları iştirak ediblər.
Tanınmış litvalı jurnalist, rejissor Rimas Brujasın apardığı verilişdə aprel hadisələri, onun tarixi kökləri və geosiyasi səbəbləri müzakirə olunub. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində həll olunmamasının, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin indiyədək yerinə yetirilməməsinin səbəbləri müzakirə edilib. Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və bu siyasətin Azərbaycan xalqı və dövləti üçün acı nəticələri barədə məlumat verən Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev Azərbaycanın 20 faiz torpaqlarının hələ də erməni işğalı altında olduğunu bildirib. Diaspor üzvü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü təmin olunmaqla beynəlxalq hüququn normaları çərçivəsində, sülh yolu ilə həllinin təmin edilməsinin zəruriliyini vurğulayıb, dünya ictimaiyyətini bu münaqişəyə biganə qalmamağa çağırıb.