Ermənistan və havadarları Qarabağın ölkəmizin ayrılmaz hissəsi olduğunu dərk etməlidirlər - Açıqlama
Bakı, 27 iyul, AZƏRTAC
Prezident İlham Əliyev “China Media Group” media korporasiyasına verdiyi müsahibədə Qarabağ məsələsində vacib məqamları bir daha daxili və beynəlxalq auditoriyaya çatdırıb, Azərbaycan-Ermənistan münasibətlərinə tam şəkildə aydınlıq gətirib, müxbirin atəşkəs və sülh müqaviləsinin imzalanması vaxtı ilə bağlı sualını cavablandırıb. Müsahibəsində Ermənistandan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqlarını təsdiqləmələrini tələb etdiklərini vurğulayan dövlətimizin başçısı deyib: “Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir. Biz sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladıq... Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir - onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar”.
Bu fikirləri AZƏRTAC-a şərh edən hərbi jurnalist, ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov söyləyib ki, dövlətimizin başçısının mayın 28-də Laçın sakinləri ilə görüşü, iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissəsinin açılışındakı çıxış, sonra Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün iclasındakı nitqi, iyulun 21-də Şuşada jurnalistlərin suallarını cavablandırarkən vurğuladığı məsələlər tam şəkildə Azərbaycanın mövqeyini bir daha bütün dünyaya bəyan edib.
“Prezident İlham Əliyev ermənilərin Qarabağda Azərbaycan Konstitusiyası əsasında yaşayacağına bir daha təminat verib. Bölgədə yaşayan ermənilər də bunu anlamalıdırlar ki, onlar vətəndaşlarımızdan üstün imtiyazlara malik deyillər. Bu, Azərbaycanın birmənalı mövqeyidir və beynəlxalq ictimaiyyətə açıq şəkildə çatdırılıb. Onu da qeyd edim ki, ölkəmizin mövqeyi dəyişilməz olaraq qalır. Biz Qarabağda sülhün və əmin-amanlığın təmin olunmasında maraqlıyıq”, - deyə Ü.Cəfərov diqqətə çatdırıb.
Azərbaycan dövlətinin bu istiqamətdə üzərinə düşən bütün işləri gördüyünü bildirən ekspert beynəlxalq qurumların da ölkəmizin mövqeyini dəstəklədiyini və anlayışla qəbul etdiyini deyib ki, Ermənistan və ona havadarlıq edən bəzi qüvvələr bu prosesi dayandırmaq üçün əllərindən gələni edirlər. Lakin onlar Azərbaycanın Qarabağ məsələsində beynəlxalq hüquq və normalara əsaslandığını, onun ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu birmənalı olaraq dərk etməlidirlər. Ermənistan müxtəlif yollara, şantajlara əl atmaqla istədiyinə nail ola bilməyəcək. Onların bu istiqamətdə gördüyü işlər yersizdir və Azərbaycan dövləti heç bir halda qarşı tərəfin müqavilədən, beynəlxalq normalardan kənar şərtləri ilə razılaşmayacaq.
Çin kanalına müsahibəsində “Azərbaycan onlarla etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkədir”, - deyən dövlətimizin başçısı daha sonra qeyd edib: “Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Buna görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar. Düşünürəm ki, bu, tam şəkildə beynəlxalq hüququn normalarına uyğundur və fikrimcə, Azərbaycanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilir”.
Bu barədə danışan ehtiyatda olan polkovnikin sözlərinə görə, erməni millətindən olan Azərbaycan vətəndaşları reinteqrasiya edərək cəmiyyətimizə qatılmalıdır. Bu, Xankəndində, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yaşayan milliyyətcə erməni olan Azərbaycan vətəndaşlarına aiddir. Odur ki, Qarabağdakı erməni azlıqlarının hüquqları və təhlükəsizliyi ölkəmizin Konstitusiyası əsasında lazımınca qorunacaq.