ERMƏNİSTAN YENƏ DƏ YAZIQ BİR DÖVLƏT KİMİ QƏLƏMƏ VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 29-dan dekabrın 1-dək Parisdə İqtisadi və Sosial Şura Təşkilatının iqamətgahında Qərbi Avropa Assambleyası 51-ci sessiyasının ikinci hissəsinin yığıncağı keçirilmişdir.
Azərbaycanı yığıncaqda Milli Məclisin deputatları Asəf İmaməliyev və Abutalıb Səmədov təmsil etmişlər.
Yığıncaqda bir çox məsələlərlə yanaşı, “Cənubi Qafqazda stabillik və təhlükəsizlik problemi” də geniş müzakirə olunmuşdur. Bu məsələ ilə bağlı İtaliya Federal qrupunun nümayəndəsi Marko Zakera məruzə etmişdir.
İtaliyalı deputat məruzəsində Cənubi Qafqazda yaranmış vəziyyətə, bölgədə stabillik və təhlükəsizlik məsələlərinə, Azərbaycan ərazisinin işğal edilməsinə, Dağlıq Qarabağ ətrafında yaranmış problemə, Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində azərbaycanlı qaçqın və məcburi köçkünlərin ağır şəraitdə yaşamasına, Türkiyə-Ermənistan münasibətlərinə, iki dövlət arasında sərhədlərin açılmasına toxunsa da, bir çox avropalı həmkarı kimi, məruzəsinin əsas hissəsini Ermənistanın guya blokadada olmasına həsr etmişdir. Ermənistan işğalçı dövlətdən daha çox müsəlman ölkələrinin əhatəsində yazıq bir ölkə kimi təqdim olunmuşdur.
Beynəlxalq təşkilatlarda ölkəmizlə bağlı məsələlərin müzakirəsi zamanı həmişə ona dayaq olan, Azərbaycanla bağlı həqiqətləri açıqlayan türkiyəli nümayəndələr bu dəfə də ölkəmizi dəstəkləmişlər. Türkiyəli deputat Movlud Çavuşoğlu məruzə ətrafında çıxış edərək, məruzəçinin Azərbaycana qarşı qeyri-səmimi münasibət göstərdiyini, onun hazırladığı mərüzənin əsil həqiqəti əks etdirmədiyini bildirmiş, M.Zakeranın Ermənistanla bağlı fikirlərinə qəti etirazını bildirmiş, Cənubi Qafqazda stabilliyin pozulmasında məhz bu ölkənin məsuliyyət daşıdığını, Ermənistanın Azərbaycanın ayrılmaz parçası Dağlıq Qarabağ və ona bitişik yeddi royonunu işğal etdiyini, bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından zorla çıxarıldığını, onların on ildən çoxdur ki, acınacaqlı şəraitdə yaşadıqlarını, hüquqlarının pozulduğunu, Naxçıvanın blokadaya alındığını, Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu, beynəlxalq təşkilatların məsələ ilə bağlı qərar və qətnamələrinə etinasızlıq göstərdiyini, İranla hərtərəfli əlaqə yaratdığını, əsil simalarını gizlədərək özlərini bütün dünyaya blokadaya alınmış bir ölkə kimi qələmə verdiyini, ermənilərin yalanlarına uyan bəzi dövlətlərin Ermənistanı dəstəklədiklərini yığıncaq iştirakçılarının diqqətinə çatdırmış, qərəzli və məkrli niyyətlərindən əl çəkməyən Ermənistanın Türkiyəyə qarşı uydurma təbliğat aparmasından danışmışdır.
Turkiyəli deputatın çıxışı böyük maraqla qarşılanmışdır.
Yığıncağın sonunda deputatlarımız assambleyanın sədri Marsel Qlisenerlə görüşlərində Milli Məclisin sədri Murtuz Ələsgərovun səmimi salamlarını yetirmiş və ölkəmizlə bağlı həqiqətlər barədə məlumat vermişlər.
M.Qlisener Azərbaycanın assambleyada təmsil olunmasından məmnun olduğunu bildirmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris