“ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI APARDIĞI EKOLOJİ MÜHARİBƏ VƏ ONUN FƏSADLARI” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
İşğal olunmuş Azərbaycan ərazilərində irimiqyaslı yanğınlar törətməklə regionun flora və faunasına amansızcasına ziyan vurulmasını, dünya ictimaiyyətinin, bütün beynəlxalq təşkilatların, o cümlədən BMT, AŞ, ATƏT kimi nüfuzlu qurumların bundan xəbərdar olmasını diqqətə çatdıran “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri, professor Nadir Abdullayev meşələrin, bağların, nadir ağac növlərinin kütləvi şəkildə qırılmasıdan, yeraltı sərvətlərin vəhşicəsinə talan edilməsindən, işğal altındakı ərazilərdə radioaktiv kimyəvi maddələrin basdırılmasından, mədəniyyət abidələrinin dağıdılmasından danışmışdır.
“Erməni işğalının Azərbaycanın flora və faunasına vurduğu ziyan”, “Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji müharibə”, “İşğal olunmuş Azərbaycan ərazilərinin ermənilər tərəfindən yandırılması nəticəsində ətraf mühitə vurulmuş ziyan” və digər məruzələr dinlənilmiş, Xarici İşlər Nazirliyinin məsul işçisi Fariz Rzayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Arif İsgəndərov və başqaları cıxış etmişlər. Vurğulanmışdır ki, işğal olunmuş ərazilərdə törədilmiş yanğınlar nəticəsində 63 min 414 hektar ərazi yandırılmış və həmin torpaqlardan istifadə imkanları heçə endirilmiş, dəymiş ziyanın ümumi məbləği 159 milyon 468 min 247 manat və ya 181 milyon ABŞ dolları həcmində qiymətləndirilmişdir.
Dəyirmi masada Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji müharibəni əks etdirən şəkillər videogörüntülər nümayiş etdirilmişdir.
Tədbirin sonunda beynəlxalq təşkilatlara və qurumlara dəyirmi masa iştirakçıları adından müraciət ünvanlanmışdır.