Ərzurum Atatürk Universitetində Ulu Öndərimizin türk dünyası qarşısında tarixi xidmətləri xatırlanıb
Ərzurum, 9 may, AZƏRTAC
Ərzurum Atatürk Universitetində “Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyevin rolu” mövzusunda elmi konfrans və intellektual yarışma keçirilib.
Azərbaycan Respublikasının Qarsdakı Baş konsulluğu, Ankaradakı səfirliyimizin təhsil üzrə attaşeliyi və Ərzurum Atatürk Universitetinin birgə təşkil etdikləri tədbirdə Azərbaycan və Türkiyədən olan elm və təhsil adamları, mədəniyyət xadimləri, Türkiyə ictimaiyyətinin görkəmli simaları, KİV nümayəndələri iştirak ediblər.
Konfransın açılışında baş konsul Ayxan Süleymanlı, universitetin prorektoru, professor Mehmet Sadi Çögenli və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova sıxış ediblər. Natiqlər konfransın mahiyyətindən, Ulu Öndərimizin türk dünyası qarşısında tarixi xidmətlərinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıblar.
Sonra professorlar Çingiz Alyılmaz, Yavuz Aslan və Sedat Adıgözəlin məruzələri dinlənilib. Məruzələrdə ulu öndər Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən zəngin və mənalı siyasi fəaliyyətinin çoxşaxəli istiqamətlərindən bəhs olunub.
Konfransdan sonra Heydər Əliyevin siyasi fəaliyyətinə həsr edilmiş intellektual yarışın qalibi olan tələbələr Hatice Çelik, Elçin Kayaoğlu, Büşra Peker və Servet Bulut mükafatlandırılıblar.
Sonda Atatürk Universitetinin tələbələri Azərbaycan xalq mahnılarından nümunələr təqdim edib, şeirlər səsləndiriblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ərzurum