“Əsas Qrant Müsabiqəsi – 2026”ın nəticələri ilə razılaşmayanlar üçün apellyasiya imkanı
Bakı, 25 sentyabr, AZƏRTAC
“Əsas Qrant Müsabiqəsi – 2026”ın nəticələri ilə razılaşmayan layihə rəhbərləri apellyasiya müraciəti edə bilərlər.
Azərbaycan Elm Fondundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, müsabiqənin nəticələri ilə razılaşmayan layihə rəhbərləri üçün apellyasiya müraciəti etmək imkanı nəzərdə tutulur.
Elm Fondu qrant müsabiqələrinin təşkilində şəffaflıq, obyektivlik, bərabər rəqabət və müstəqil elmi ekspertiza prinsiplərini əsas götürür. Bütün layihələr üçün vahid tələblər və qiymətləndirmə meyarları tətbiq edilir. Texniki tələblərə cavab verən layihələrin elmi qiymətləndirilməsi müvafiq sahələr üzrə ixtisaslaşmış müstəqil ekspertlər tərəfindən həyata keçirilir. Ekspertiza anonimlik prinsipi əsasında təşkil olunur: ekspertlər layihə müəllifləri barədə, layihə müəllifləri isə ekspertlərin kimliyi barədə məlumatlandırılmırlar. Fond elmi rəylərin və ekspert qiymətləndirmələrinin formalaşdırılmasına müdaxilə etmək imkanına malik deyil. Bu yanaşma ekspertizanın obyektivliyinin və müstəqilliyinin qorunmasına xidmət edir. Qalib layihələrin həyata keçirilməsi ölkənin aparıcı ali təhsil, elmi-tədqiqat və digər ixtisaslaşmış qurumlarının elmi potensialını əhatə edir. Layihə rəhbərləri müəyyən edilmiş qayda və müddətlər çərçivəsində müsabiqənin nəticələri ilə bağlı Azərbaycan Elm Fonduna apellyasiya müraciəti təqdim edə bilərlər. Daxil olan müraciətlər müəyyən edilmiş prosedurlara uyğun olaraq araşdırılır və nəticəsi barədə müraciət edən tərəfə məlumat verilir. Apellyasiya mexanizminin mövcudluğu müsabiqə prosesində şəffaflığın, hesabatlılığın və iştirakçıların hüquqlarının qorunmasının mühüm elementlərindən biridir.
Layihənin elmi səviyyəsi ilə yanaşı, onun konkret müsabiqə çərçivəsində müəyyən edilmiş prioritetlərə və texniki tələbələrə uyğunluğu da əhəmiyyət kəsb edir. Bir sözlə qalib elan olunmamış layihələr elmi əhəmiyyətlərinin və keyfiyyətlərinin aşağı olması kimi qiymətləndirilməməlidir. Bu yanaşma dövlətin elmə ayırdığı vəsaitlərin aktual və strateji əhəmiyyət daşıyan tədqiqat istiqamətlərinə yönəldilməsinə xidmət edir.
“Əsas Qrant Müsabiqəsi – 2026” çərçivəsində təqdim edilmiş 192 layihədən 22-si qalib müəyyən edilib.
Müxbir - Tünzalə Arazlı