ORDU
“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Tərtər şəhərində keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
“Vətən uğrunda” səyyar təşviqat dəstəsi cəbhənin ön xəttində xidmət keçən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq məqsədilə “Əsgərə məktub” layihəsini Azərbaycanın müxtəlif regionlarında davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti kütləvi-vətənpərvərlik tədbiri Tərtər Rayon İcra Hakimiyyətinin və Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Tərtər şəhərində keçirilib.
İctimaiyyətlə ordumuz arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən layihə çərçivəsində görülən işlər və həyata keçirilən fəaliyyətlər barədə videoçarx nümayiş etdirilib.
Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, bu cür tədbirlərin keçirilməsinin məqsədi Vətəni qorumağa hər an hazır olan vətənsevər gəncləri yetişdirmək, onlarda milli və hərbi vətənpərvərlik ruhunu gücləndirməkdir.
Sonra Tərtər rayon ictimaiyyəti, valideynlər, müharibə veteranları videogörüntü vasitəsilə və yazılı şəkildə Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə xoş arzularını çatdırıb və onlara daim dəstək olduqlarını bildiriblər.