REGİONLAR
“Əsrin müqaviləsi” Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir










Zaqatala, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sentyabrın 28-də Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı videoçarx nümayiş olunub.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Bildirilib ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev respublikanın neft sənayesinin bərpası və inkişafı ilə bağlı misilsiz xidmətlər göstərib. 1993-cü ildən başlayaraq Ulu Öndərin rəhbərliyi ilə yeni neft strategiyası hazırlanıb, xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarı alınıb. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalanıb və bu müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanıb.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. “Əsrin müqaviləsi” respublikamızda neft hasilatının böyük həcmdə artmasına səbəb olub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, rayon icra hakimiyyəti başçısının Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oruc Qaraxanov və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov çıxış edərək, “Əsrin müqaviləsi”nin Azərbaycan iqtisadiyyatına verdiyi töhfələrdən ətraflı bəhs ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasını müasir çağırışlara uyğun davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilib.