REGİONLAR
“Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin mühüm təminatına çevrilib




Balakən, 20 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sentyabrın 20-də Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı videoçarx nümayiş etdirilib.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” kimi möhtəşəm neft müqaviləsi imzalanıb. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərib, dövlət müstəqilliyinin mühüm təminatına çevrilib. 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulub. Diqqətə çatdırılıb ki, “Əsrin müqaviləsi” Ulu Öndərin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dahi şəxsiyyətin ikinci şah əsəri olub.
YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Dilbər Quliyeva və rayon Statistika İdarəsinin rəisi Fərhad Xəlilov çıxış edərək, “Əsrin müqaviləsi”nin Azərbaycanın uzunmüddətli strateji maraqlarının, siyasi, iqtisadi mənafelərinin təmin edilməsinə, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsinə, beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdiyini qeyd ediblər. Vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə görülən işlər, siyasi və iqtisadi islahatlar, milli maraqların gerçəkləşməsi üçün qətiyyətli və ardıcıl mübarizə gələcəyimizə böyük inam və etibarlı təminat yaradır.
Konfransın sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.