Estoniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib
Tallinn, 5 aprel, AZƏRTAC
Tallinn şəhər uşaq bağçasında Azərbaycan Xalq Cümhuriyyətinin və Estoniya Respublikasının 100 illik yubileylərinə həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən bağçanın direktoru Aide Vare uşaqların ölkələrimizin tarixi haqqında məlumatlandırılmasının önəmini qeyd edib.
Estoniyada fəaliyyət göstərən “Orhan” Bazar Günü Məktəbinin rəhbəri, “Ocaq” radioverilişinin baş redaktoru və aparıcısı Sənəm Əliyeva Azərbaycan Xalq Cümhuriyyəti, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü haqqında ətraflı məlumat verib.
Sonra böyük tarixçi və yazıçı, vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş Kersti Kivirüüt Bakı Eston Cəmiyyəti haqqında fikirlərini bölüşüb, Azərbaycana həsr etdiyi “Küləklər şəhəri” romanı barədə sualları cavablandırıb.
Tədbir Estoniyada yaşayan xalçaçı rəssam Rövşən Quliyevin ustad dərsi ilə davam etdirilib.
Sonda “Orhan” Bazar Günü Məktəbinin şagirdlərinin ifasında “Sarı gəlin” rəqsi ifa olunub.
Qonaqlara Azərbaycan çayı və şirniyyatlar təqdim edilib.
Qeyd edək ki, tədbir Estoniya Mədəniyyət Nazirliyi və İnteqrasiya Fondunun dəstəyi ilə keçirilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn