ETSN ölkə ərazisində müşahidə olunan kəskin hava şəraiti haqqında məlumat yaymışdır
Bakı, 4 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisində müşahidə olunan kəskin hava şəraiti haqqında məlumat yaymışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, dekabrın 3-ü gündüzdən 4-ü səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişmiş, şimal-qərb küləyi şiddətlənmiş, əksər rayonlarda yağıntı olmuş, bəzi yerlərdə yağıntı intensivləşmiş, sulu qar və qar yağmışdır.
Abşeron yarımadasında axşam saatlarında yağışın sulu qara keçməsi qeydə alınmışdır.
Şimal-qərb küləyinin sürəti Mingəçevirdə saniyədə 35 metrə, Tərtərdə saniyədə 33 metrə, Zərdabda saniyədə 32 metrə, Bərdə və Naftalanda saniyədə 30 metrə, Ceyrançöl və Göyçayda saniyədə 28 metrə, Gəncədə saniyədə 24 metrə, Ağstafa, Tovuz və Biləsuvarda saniyədə 22 metrə, Xaçmaz və Yevlaxda saniyədə 20 metrə çatmış, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda isə saniyədə 27-32 metrədək güclənmişdir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6.5 metrə çatmışdır.
Yağıntının miqdarı Göygöldə 14, Yardımlıda 12, Daşkəsən və Altıağacda 11, Quba və Lerikdə 9, Kəlvəzdə 7, digər rayonlarda 0-6, Bakıda və Abşeron yarımadasında 0,3-8, Abşeron dəniz rayonunda 1-9 millimetr təşkil etmişdir.
Qar örtüyünün hündürlüyü Qusar rayonunun Ləzə məntəqəsində 23, Altıağacda 20, Xaltan, Susay və Qonaqkənddə 18, Rvarudda 16, Lerikdə 15, Yardımlıda 13, Kəlvəz, Rük, Quba və Qusarda 12, Küpçal, Təngəaltı, Nohurdüzündə 10, Daşkəsən və Göygöldə 7, Qırız, Xınalıqda 5, Gədəbəy və Mərəzədə 3 santimetr olmuşdur.
Dekabrın 4-də gecə havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-3, aran rayonlarında 0-5 dərəcə isti, dağlıq rayonlarda 7-10 dərəcə şaxta, Naxçıvan Muxtar Respublikasında 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil etmişdir.