ETSN yanında İctimai Ekoloji Şuranın növbəti iclası keçirilmişdir
Bakı, 28 noyabr (AZƏRTAC). Respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və səmərəliliyin təmin olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Naziri (ETSN) yanında İctimai Ekoloji Şuranın növbəti iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ekoloji rəy almaq üçün ETSN-yə təqdim olunmuş “Böyük Bakının Regional İnkişaf Planı” müzakirəyə çıxarılmışdır.
İclasda əvvəlcə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov müzakirəyə çıxarılan məsələ barədə şura üzvlərinə ümumi məlumat vermişdir. Sonra ETSN-in Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanov çıxış edərək “Böyük Bakının Regional İnkişaf Planı”nın məqsədini diqqətə çatdırmış və nazirlik tərəfindən veriləcək ekoloji rəyin layihəsi barədə şura üzvlərini məlumatlandırmışdır. Eyni zamanda, ətraf mühitin komponentlərinə potensial təsirlərin mənbəyi və bu təsirlərin yumşaldılması haqqında da ətraflı məlumat verilmişdir.
Sonra məsələnin müzakirəsinə başlanılmışdır. Şura üzvləri müzakirəyə çıxarılan məsələ ilə əlaqədar çıxış edərək rəy və təkliflərini bildirmişlər.
Yekunda şura üzvlərinin çıxışlarında səsləndirilən rəy və təkliflərin ümumiləşdirilərək qısa vaxtda ETSN-yə təqdim olunması qərara alınmışdır.
İclasda, həmçinin “Azərsu” ASC tərəfindən ekoloji rəyin verilməsi üçün ETSN-yə təqdim olunmuş “Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sisteminin “Master Planı”na veriləcək ekoloji rəyin layihəsi də tanış olmaları üçün şura üzvlərinə təqdim edilmişdir.