F1 alman pilotu Fettel mövsümün ilk qələbəsini öz vətənində qazanmağa cəhd edəcək
Bakı, 26 iyul, AZƏRTAC
Formula 1 2019-cü il mövsümünün növbəti - 11-ci mərhələsi bu gün start götürür. Almaniya Qran-Prisi mərhələsinin ilk günündə yürüşçülər sərbəst proqramda iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, Almaniya mərhələsi Formula 1 mövsümünün ekvatorudur. Çempionatın bu hissəsinin qeyd-şərtsiz lideri “Mercedes” komandasının pilotu, britaniyalı Luis Hemiltondur. O, komanda yoldaşı Valtteri Bottasdan 39 xal irəlidədir. Onun son iki ildə ən yaxın rəqibi olan “Ferrari”nin alman pilotu Sebastyan Fettel isə karyerasının heç də yaxşı dövrünü yaşamır. Dördqat dünya çempionu üç yürüş dalbadal podiuma qalxa bilməyib, ona xas olmayan səhvlərə yol verib və indi hər tərəfdən sərt tənqidlər məruz qalır. Ötən il keçirilən ev Qran-Prisində Fettel özünü titul qazanmaq şansından məhrum edib, liderlik etdiyi yürüşdə trasdan çıxıb. Alman pilot bu mövsümdə tənqidlərə son qoymaq üçün layiqli nəticə göstərməlidir.
Almaniya Qran-Prisi 1951-ci ildən keçirilir. “Hokkenhaymrinq” avtodromu ilk dəfə 1970-ci ildə yürüşləri qəbul edib və 1986-cı ildən bəri yarışlar həmişə burada keçirilib. 2007-ci ildə bu avtodromu “Nyurburqrinq” trası ilə əvəz etmək qərarı verilib. Lakin maliyyə problemləri ucbatından 2015-2017-ci illərdə Almaniyanın ikinci avtodromunda yürüşləri keçirmək mümkün olmayıb.
Almaniya Qran-Prisində qələbələrin sayına görə alman pilot Mixael Şumaxer və britaniyalı yürüşçü Luis Hemilton liderlik edirlər. Hazırda yarışlarda iştirak edən pilotlar arasında Fettel də 2013-cü ildə bu mərhələnin qalibi olub.