SİYASƏT
Fariz İsmayılzadə: Yeni təhdid formalarına hazır olmalıyıq
Bakı, 4 noyabr, AZƏRTAC
Bizim 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız Zəfər bir çox dairələri qıcıqlandırıb, onlar Qələbəmizə qısqanclıqla baxırlar. Hətta torpaqlarımız işğal altında olan dövrdə də sanksiyalara məruz qalırdıq. Yəni, torpaqlarımızı azad edəndə də, işğala məruz qalanda da sanksiyalara məruz qalmışıq. Bunun da əsasında erməni lobbilərinin fəaliyyəti və din amilinin böyük rolu var. Bu prosesə isə QHT-lər və media mənsubları cəlb olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fariz İsmayılzadə "Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi sanksiyalarla bağlı lobbiçilik beynəlxalq hüquqa maneədir" mövzusunda keçirilən dəyirmi masada söyləyib.
O bildirib ki, ermənilər və digər anti-Azərbaycan qüvvələr ölkəmizin bank sisteminə, enerji təhlükəsizliyinə qarşı kiberhücumlar edirlər. Belə hücumlar gələcəkdə daha təhlükəli xarakter ala bilər ki, bu da Qarabağa qarşı iddiaları özündə ehtiva edir. Ona görə də yeni təhdid formalarına hazır olmalıyıq.