Fatmayıda ağacəkmə aksiyası keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların xatirəsinə Abşeron rayonunun Fatmayı kəndində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Fatmayı kənd bələdiyyəsi və icra nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş 201, eləcə də Vətən müharibəsində canlarını qurban verən 89 abşeronlu şəhidin hər birinin adına şam ağacı əkilib, xatirələri anılıb.
Fatmayı kəndində keçirilən iməcilik və ağacəkmə aksiyaları ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, kəndin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Mövsüm ərzində Fatmayı kəndində ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməciliklər davam etdiriləcək.