FAYDALI ƏMƏKDAŞLIQ BƏHRƏSİNİ VERİR
Azərbaycanda insan haqlarının, o cümlədən məhkumların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirildiyini və bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə səmərəli əməkdaşlığı qeyd edən nazir, penitensiar sistemin təkmilləşdirilməsi üzrə görülən işlər barədə məlumat vermişdir. Nazir BQXK nümayəndələrinin mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə baş çəkməsinin, verilən tövsiyələrin və təkliflərin əhəmiyyətini vurğulamış, məhkumlar arasında vərəmə qarşı mübarizədə 10 il ərzində birgə səylərin çox müsbət nəticələr verdiyini razılıqla qeyd etmişdir.
BQXK ilə Ədliyyə Nazirliyi arasında səmimi və nümunəvi əməkdaşlıqdan, qarşılıqlı anlaşmadan məmnun qaldığını deyən xanım M.Vernts, Azərbaycanda çalışdığı iki ildən artıq müddətdə penitensiar sistemdə çox ciddi müsbət dəyişikliklərin şahidi olduğunu, məhkumlara qayğı ilə yanaşıldığını, onların saxlanma şəraitinin, ərzaq, dərman və digər təminatlarının, xüsusilə tibbi xidmətin əsaslı surətdə yaxşılaşdığını, bu məsələlərin nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildirmişdir. O, son vaxtlar vərəmli məhkumların müalicəsinin yüksək nəticələr verdiyini xüsusi qeyd edərək, buna penitensiar sistemdə idarəetmənin düzgün təşkili sayəsində nail olunduğunu vurğulamış, faydalı və məhsuldar əməkdaşlıq üçün yaradılmış şəraitə görə minnətdarlığını söyləmişdir.
Görüşdə əməkdaşlığın daha da genişləndirilməsinə dair səmərəli fikir mübadiləsi aparılmışdır.