“Fələk belə qismət yazmaz, Xocalı” kitabının təqdimatı olmuşdur
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AYB-in katibi, Xalq Şairi Fikrət Qoca son 19 ildə Azərbaycan ədəbiyyatında dərin iz buraxmış Xocalı soyqırımı haqqında danışmışdır. Bildirmişdir ki, Xocalıya həsr olunmuş onlarla kitabın təqdimatı məhz bu klubda keçirilmişdir. Natiq dünyada bənzəri olmayan bu faciəyə siyasi-hüquqi qiymət verilməsi, xocalıların harayının dünyaya çatdırılması üçün hələ çox işlərin görülməli olduğunu vurğulamışdır.
Tədbirdə filologiya elmləri namizədi, yazıçı-publisist Gülxani Pənahın “Fələk belə qismət yazmaz, Xocalı” kitabının təqdimatı olmuşdur.
Xalq Şairi Söhrab Tahir, Prezident təqaüdçüsü İlyas Tapdıq, şairlər Oqtay Rza, Xeyrəddin Qoca, Fərqanə Mehdiyeva, Azadə Hüseynova , Balayar Sadıq, Zərəngiz Dəmirçi Qayalı, Fəxrəddin Meydanlı və başqaları Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında kitabın əhəmiyyətindən danışmışlar.
“Uni-Print” nəşriyyatında çapdan çıxmış kitabda müəllifin şeirləri və poemaları, Xocalıya həsr olunmuş dramı və hekayələri yer almışdır.
Sonda Gülxani Pənah tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, Xocalıya həsr etdiyi şeirlərini oxumuşdur.