Fevralın 1-dən minimum əmək pensiyası 280 manat olacaq

Bakı, 1 fevral, AZƏRTAC
Əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunacaq.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 1-də keçilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Ölkəmizdə son illər ərzində sığorta-pensiya sisteminin özünəməxsus xüsusiyyətlərinın qorunması ilə yanaşı, ilk növbədə, vətəndaşların sosial rifahının üstün tutulması bu sahədə görülən işlərin təməl prinsipini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.