Fevralın 26-sı ABŞ-ın Hyuston şəhərində “Xocalını anma günü” elan olunmuşdur
Bakı, 27 fevral (AZƏRTAC). ABŞ-ın Hyuston şəhərində Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası (HBSCA) tərəfindən Hyustonun San Tomas (University of St.Thomas) Universiteti ilə birgə Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş konfrans təşkil edilmişdir.
Tədbirin əvvəlində Hyuston şəhəri rəhbərliyi adından fevralın 26-sının “Xocalını anma günü” elan olunması barədə müraciət oxunmuş, Texas ştatı Senatının Xocalı qətliamının 21-ci ildönümünün anılması haqqında qətnaməsi təqdim olunmuşdur. Qətnamədə bu faciənin etnik təmizləmənin müasir tarixdə ən pis nümunəsi olması, bir sıra insan hüquqları təşkilatları tərəfindən bu vəhşiliklərin pislənildiyi, habelə hər il yeni-yeni ABŞ ştatlarının bu faciəni tanıması qeyd edilmişdir. Sənəddə, həmçinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğu bildirilir və bu faktın BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qətnamələri ilə pislənildiyi vurğulanır.
Bundan əlavə, ABŞ Konqresinin üzvü Şeyla Cəkson Li tərəfindən Hyuston şəhərindəki Azərbaycan Mərkəzinə göndərilmiş Xocalı faciəsinin anılması və Mərkəzin fəaliyyətinin yüksək qiymətləndirilməsi barədə ABŞ Konqresi sertifikatı (Certificate of Congressional Recognition) təqdim edilmişdir.
Konfrans zamanı San Tomas Universitetinin professorları Hans Stockton və Jan-Filip Faletta, Hyuston Universitetinin professoru Rayan Kennedi, HBSCA-nın prezidenti İradə Axundova, Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Yusif Babanlı, AZE.az internet xəbərlər portalının təsisçisi Elxan Ağamirzə və HBSCA-in direktoru Riyad Əfəndi bölmə iclaslarında qismində çıxış etmişlər.
Natiqlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və gerçəklikləri, eləcə də bu münaqişənin regional sabitliyə və təhlükəsizliyə təhdidi, Xocalı qətliamı, regional liderə çevrilmiş Azərbaycanın ABŞ ilə əlaqələri və digər mövzularda çıxışlar etmiş, auditoriyanın suallarını cavablandırmışlar.
Tədbirdə, həmçinin Hyuston şəhərində Türkiyənin konsulu Səlim Topçu və Yunanıstanın konsulu Georgios Papanikolau, San Tomas Universitetinin müəllim və tələbələri, habelə ABŞ-dakı Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.