FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyi keçirib
Bakı, 30 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Xidməti Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman bazasında yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin ilk mərhələsini keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, birincilik DYMX-nin şəxsi heyətinin peşə və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də yanğın-xilasetmə idmanının daha da populyarlaşdırılması və gənclər arasında təbliği məqsədilə təşkil edilib.
Yanğınsöndürən və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası tərəfindən təsdiq olunmuş “Yanğın-xilasetmə idmanının Qaydaları”na uyğun olaraq keçirilən respublika birinciliyinin ilk mərhələsində 36 komanda (288 nəfər yanğınsöndürən) iştirak edib.
Komandalar yanğınların söndürülməsində tətbiq edilən müxtəlif döyüş hərəkətləri kompleksindən ibarət olan hücum nərdivanı ilə təlim qülləsinin dördüncü mərtəbəsinə qalxmaq, 100 metrlik maneəli zolağı dəf etmək və döyüş açılışını yerinə yetirməklə qüvvələrini sınayıblar.
Hücum nərdivanı ilə təlim qülləsinin dördüncü mərtəbəsinə qalxmaq üzrə yarışda Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin (YMH) komandası birinci, Səbail rayon YMH-nin komandası ikinci, Xəzər rayon YMH-nin komandası isə üçüncü yeri tutub.
Yüz metrlik maneəli zolağın dəf edilməsi üzrə yarışda Səbail rayon YMH-nin komandası birinci, Nəsimi rayon YMH-nin komandası ikinci, Xəzər rayon YMH-nin komandası isə üçüncü yerə layiq görülüb.
Döyüş açılışı üzrə mübarizədə Sabunçu rayon YMH-nin komandası birinci, Səbail rayon YMH-nin komandası ikinci, Qaradağ rayon YMH-nin komandası isə üçüncü yeri qazanıb.
Ümumi komanda birinciliyində isə Səbail rayon YMH-nin komandası birinci, Xəzər rayon YMH-nin komandası ikinci və Nəsimi rayon YMH-nin komandası üçüncü yeri əldə edib.