FHN İT resurslarını qismən “Hökumət buludu”na köçürüb
Bakı, 21 dekabr, AZƏRTAC
İnformasiya sistemlərini “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Fövqəladə Hallar Nazirliyi (FHN) olub.
AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, nazirlik “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu xidmətini əldə edib. FHN informasiya sistemlərinin müəyyən qismini “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Plana uyğun olaraq, ilkin mərhələdə FHN-in infrastrukturu qiymətləndirilib. Hesabat hazırlanaraq İT sistemlərin miqrasiyasının konsultasiyası xidməti göstərilib. Konsultasiya xidməti zamanı texniki xüsusiyyətləri və əhəmiyyətlilik dərəcəsi nəzərə alınaraq İT resursların mərhələli şəkildə miqrasiyasını özündə əks etdirən yol xəritəsi hazırlanıb.
Həmçinin FHN “Microsoft Windows Server” məhsulları ilə təmin edilib, nazirliyin İT infrastrukturunun yerləşdiyi inzibati ofislə “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzi arasında transmissiya xətti çəkilib. Bununla da məlumatların ötürülməsinin sürətliliyi və təhlükəsizliyi daha üstün səviyyədə təmin edilib.